Bu gün finaldır!

001_1432321980Bu gün gecə saatlarında Avstriyanın Vyana şəhərində “Eurovision 2015” Mahnı Müsabiqəsinin finalı keçiriləcək.

İctimai Televiziyanın canlı efirində yayımlanacaq yarışmada Azərbaycanı İsveç bəstəkarları Sandra Byurman, Nikolas Rebşer və Lina Hansonun bəstələdikləri “Hour of wolf” mahnısı ilə Elnur Hüseynov təmsil edəcək.

Mayın 21-də seçim turunda səhnəyə çıxan və bugünkü finala vəsiqə qazanan azərbaycanlı müğənni geyimindən tutmuş səhnə tərtibatına qədər mükəmməl performans nümayiş etdirib. O, səhnəyə fərqli hərəkət edən və vəhşi canavarları xatırladan isveçli rəqqaslarla çıxıb.

Qeyd edək ki, Elnur Hüseynov təkcə Azərbaycanda deyil, qardaş Türkiyədə də sevilən müğənnidir. O, bir neçə ay öncə tanınmış teleaparıcı Acunun rəhbərlik etdiyi TV8 Televiziyasında yayımlanan “O səs Türkiyə” telelayihəsinin final mərhələsində müsabiqənin tarixində rekord səs toplayaraq qalib olub.

Xatırladaq ki, bu gecə Azərbaycan tamaşaçıları ölkə təmsilçimiz istisna olmaqla, bəyəndikləri ifaçının səhnəyə çıxış nömrəsini 94/50-yə yollamaqla səs verə biləcək.