Bu gün Fransa seçiciləri prezident seçkilərinin birinci turunda səs vermək üçün seçki məntəqələrinə gedəcəklər.
Yenicag.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 10:00) açılacaq, lakin müxtəlif vaxtlarda öz işini başa çatdıracaq. Əksər yaşayış məntəqələrində onlar saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) bağlanacaq, böyük şəhərlərdə, məsələn, Paris, Lill, Bordo və Tuluzada səs vermək istəyənləri saat 20:00-a qədər (Bakı vaxtı ilə saat 22:00) qəbul edəcəklər.
Seçkilərdə səs vermək üçün Fransa vətəndaşları şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar seçki məntəqələrində sosial məsafə tədbirləri və qoruyucu maskaların məcburi taxılması ləğv edilib.
Saat 12:00-da (Bakı vaxtı ilə 14:00) seçici fəallığı ilə bağlı ilk məlumatın açıqlanacağı gözlənilir. “Exit-poll”un ilk proqnozları və nəticələri saat 20:00-dan sonra (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.
Fransa seçiciləri ölkə prezidentliyinə 12 namizəddən birinə səs verməli olacaqlar.
Səsvermə bülletenlərində adları olan namizədlər bunlardır: Fəhlə Mübarizə Partiyasından Natali Arto, sağçı “Qalx ayağa Fransa” Partiyasının lideri Nikola Düpon-Enyan, Fransa Yaşıllar Partiyasının namizədi Yannik Jado, Paris meri və sosialistlərin namizədi Anna İdalqo, “Müqavimət” Partiyasının deputatı Jan Lassal, ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen, “İrəli, Respublika” Partiyasının namizədi, hazırkı dövlət başçısı Emmanuel Makron, ifrat solçu “Sarsılmaz Fransa” Partiyasının lideri Jan-Lyuk Melenşon və digərləri.
Beləliklə, namizədlər arasında dörd qadın yer alıb. Prezidentlik uğrunda siyasi yarışın ən gənc namizədinin 44 yaşı (Makron), ən qoca iştirakçısının 70 yaşı (Melenşon) var.