“Bu gün İslam dünyası geri qalırsa, …”

15e9863cc61838a3f264e2a11515aea1“Bu gün çoxlu sayda Azərbaycan alimləri, mütəxəssisləri ölkəmizdə fəaliyyət göstərən neft şirkətlərində, korporasiyalarda çalışırlar.

Biz həmin alimləri Azərbaycan Milli Elmlər Akademiyası və təhsil müəssisələrinə cəlb etməyə çalışmalıyıq”. Bunu “Bakı Elm Festivalı-2014”ün açılışında Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov deyib.

E. Qasımov bildirib ki, ən böyük alimlər ən təvazökar alimlərdir: “Alimlər bir çox hallarda sağlıqlarında məşəqqətli yaşayır, onların kəşflərindən sonralar cəmiyyət böyük fayda götürür. Elm fədakarlıq həyatıdır. Məsələn, futbolçu Messinin illik qazancı 120-130 milyon dollardır. Yaxud Hollivud ulduzlarının qazancları yüz milyonlarla dollarla ölçülür. Ancaq bu gün dünyada elmə, təhsilə diqqət göstərən dövlətlər öndədir. 1950-ci illərdə Koreya böyük müharibə, dağıntı ilə üzləşmişdi, xəritədən silinmişdi. Cənubi Koreya vəsaiti orduya yox, elmə yönəltdi. Bu gün Cənubi Koreyanın “Daewoo”, “Hyundai”, “Samsung” kimi brendləri var, ancaq böyük İslam dünyasının belə brendləri yoxdur. Bu gün İslam dünyası geri qalırsa, bu, elmə, təhsilə münasibətlə bağlıdır. Dünyada neft və qaz ehtiyatlarının 50 faizindən çoxu, əmək qabiliyyətli insanların 60 faizə qədəri İslam ölkələrindədir. Ancaq bu gün dünyada çap olunan elmi məcmuələrdə İslam ölkələrinin payı 1 faizdir. Azərbaycan elminin isə böyük potensialı var və bu potensial reallaşdırılmalıdır”.

Millət vəkili Asəf Hacıyev də çıxışında gəncləri elmə səsləyib.