Bu gün kimyaçı alim Məhərrəm Məmmədyarovun doğum günüdür – FOTO

 

Məhərrəm Əli oğlu Məmmədyarov – görkəmli Azərbaycan kimyaçısı, dünya miqyasında tanınmış böyük alim, elmin təşkili və inkişafında yüksək qabiliyyəti olan müdrik bir insan, müəllim və ictimai xadim, yüksək ixtisaslı kadrların tərbiyəsində və yetişdirilməsində xüsusi xidmətləri olan görkəmli bir ziyalıdır, kimya elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatıdır.

Üzvi kimya, neft-kimya sintezi, biotexnologiya onun məşğul olduğu əsas elmi sahələr idi. Akademik Y.H.Məmmədəliyev adına Neft-kimya prosesləri İnstitutunda laboratoriya müdiri (1969-cu ildən ömrünün sonuna qədər), Naxçıvan elmi mərkəzində direktor (1973-1979-cu illər) vəzifələrində çalışmışdır. Mikrobiologiya institutunun yaradıcısı və birinci direktoru (1981-1994-cü illər) olmuşdur. Böyük Vətən Müharibəsinin veteranı, vətənpərvər Azərbaycan vətəndaşı idi.

M.Ə.Məmmədyarov 17 oktyabr 1924-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuşdur. 1939-ci ildə o, yeddiillik məktəbi tərifnamə ilə bitirdikdən sonra, Naxçıvan Pedaqoji texnikumuna daxil olmuş, 1941-ci ildə oranı qurtardıqdan sonra Culfa rayonunun məktəblərinin aşağı siniflərində müəllim işləmişdir.

1943-cü ildə təzəcə çağırışçı həddinə çatmış Məhərrəm Məmmədyarov döyüşən ordu sıralarında Böyük Vətən Müharibəsi döyüşlərində iştirak etmişdir (o cümlədən Kursk döyüşü). Hərbi döyüşlərdə iştirak edərək yaralanmış, səyyar hospitalda müalicədən sonra sıraya qayıtmış və yenidən ağır yaralanmışdır. Hospitalda 6 aylıq müalicədən sonra 1944-cü ilin yanvarında Sovet Ordusu sıralarından III qrup əlil kimi tərxis edilmiş  Vətən qarşısında öz müqəddəs borcunu şərəflə yerinə yetirmiş azərbaycanlı döyüşçünün şücaəti I dərəcəli Vətən müharibəsi ordeni və müxtəlif medallarla mükafatlandırılmışdır.

1945-ci ildə M.Ə.Məmmədyarov ADU-ya qəbul olunur. Elmi-tədqiqat işlərinə böyük həvəs və kimya elminə olan hədsiz maraq onu Leninqrad Kimya-Texnologiya İnstitutunun aspiranturasına gətirir. O, 1953- cü ildə «Formaldehidin, dəri kollageninin amin turşuları ilə qarşılıqlı əlaqəsi» adlı namizədlik dissertasiyasını müdafiə edir. Dissertasiya işinin əsas nəticələri Elmi Şuranın qərarı ilə monoqrafıya şəklində dərc edilir.

1953-cü ildə M.Ə.Məmmədyarov Bakıya dəvət olunaraq Azərbaycan EA Kimya İnstitutunda elmi katib vəzifəsinə təyin edilir, 1955-ci ildə isə böyük elmi işçi vəzifəsinə keçirilir və uzunmüddətli elmi təcrübə keçmək üçün Moskvaya SSRİ EA N.D.Zelinski adına Üzvi Kimya İnstitutuna göndərilir. Burada o, SSRİ EA-nın müxbir üzvü M.F.Şostakovskinin rəhbərliyi altında vinil efırlərinin sintezi və onların törəmələrinin çevrilmələri sahəsində bir sıra tədqiqat işlərini yerinə yetirir.

1957-ci ildə SSRİ AAK-ın qərarı ilə M.Ə.Məmmədyarov üzvi kimya ixtisası üzrə baş elmi işçi elmi dərəcəsinə layiq görülür.

50-ci illərin sonunda SSRİ hökumətinin qərarı ilə Bakı şəhərində kimya, neft kimyası, polimer materialları sənayesinin inkişafının geniş proqramı qəbul edilir. Bu proqramın yerinə yetirilməsi Azərbaycan EA-na həvalə olunur. Buna müvafiq olaraq, o zaman fəaliyyət göstərən 3 institutun: Kimya İnstitutunun, Azərbaycan EA Neft İnstitutunun və V.Kuybışev adına Neft Emalı Üzrə Elmi-Tədqiqat İnstitutunun bazasında indi Y.H.Məmmədəliyevin adını daşıyan Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutu təşkil edilir.

Bu institutda işləmək üçün Azərbaycan EA-nın o vaxtkı prezidenti Y.H.Məmmədəliyev Azərbaycandan kənarda çalışan azərbaycanlı-kimyaçıları ora dəvət edir. Bu dəvət olunanlar içərisində M.Ə.Məmmədyarov da var idi. Buna qədər M.Ə.Məmmədyarovun bir neçə nüfuzlu Moskva institutları tərəfindən müxtəlif təkliflər almasına baxmayaraq, o, heç bir tərəddüd etmədən Y.H.Məmmədəliyevin təklifıni qəbul edir və 1959-cu ildə Bakıya qayıdır.

O vaxtlar neft kimyasının aparıcı istiqamətlərindən biri aşağı molekullu neft karbohidrogenlərinin yüksək temperaturda xlorlaşması proseslərinin tədqiqi idi. Bu sahədə xlorlaşma reaksiyasnın partlayışla getməsinin qarşısını almaq üçün Y.H.Məmmədəliyevin rəhbərliyi altında katalizatorun «qaynar lay» sistemini tətbiq etməklə aparılan tədqiqat işləri mühüm əhəmiyyət kəsb etmişdir. M.Ə.Məmmədyarovun rəhbərlik etdiyi yaradıcı qrupa C2-C4 olefinlərin yüksək temperaturlu xlorlaşması reaksiyasının öyrənilməsi tapşırılmışdı. Lakin xalq təsərrüfatının vinilxloridə olan kəskin təlabatını və onun birbaşa etilendən alınması perspektivlərini nəzərə alaraq, vinilxloridin alınması texnologiyasının işlənib hazırlanması məqsədilə, əsas diqqətin etilenin xlorlaşması reaksiyasının daha dəqiq və geniş öyrənilməsinə yönəldilməsi nəzərdə tutulmuşdu. Aparılan bu tədqiqatlarla M.Ə.Məmmədyarov olefinlərin yüksək temperaturda xlorlaşması reaksiyasının nəzəriyyə və praktikasına öz həlledici töhfəsini vermiş oldu. Xloru zonalarla verməyə qabil xüsusi konstruksiyalı reaktoru ilk dəfə tətbiq etməklə o, prosesin selektivliyini kəskin yüksəltməyə, katalizatorun «qaynar» təbəqəsində vinilxloridin alınma texnologiyasının yarımsənaye miqyasında işlənib hazırlanmasına və həyata keçirilməsinə nail olmuşdu. Reaksiyanın kinetikasının və mexanizminin öyrənilməsi vinilxloridin və reaksiyanın digər məhsullarının ardıcıl-paralel marşrutu ilə əmələ gəlməsinin nəzəri əsaslandırılmasına gətirib çıxarmışdır.

Olefinlərin xlorlaşması ilə paralel, M.Ə.Məmmədyarovun rəhbərliyi altında üzvi kimya sahəsində də bir sıra tədqiqat işləri həyata keçirilmişdir. O cümlədən, xlorolefın molekullarında C=C əlaqələrinin aktivliyinin fundamental tədqiqi sahəsində də aşağıdakı istiqamətlərdə işlər aparılmışdır:

  1. C4-C5 tərkibli xlorolefinlərə və bitsiklik norbornenlərin xlorlu törəmələrinə silisium hidridin katalitik birləşməsi;
  2. Perxlorolefinlərin alifatik dienlərlə və onların halogenli törəmələri ilə dien kondensasiyası;
  3. Tsiklik perxlordienlərin vinilasetilen sırası birləşmələri ilə dien kondensasiyası;
  4. Formaldehidin xlorolefinlərə katalitik birləşməsi (Prins reaksiyası) ilə perxlorkarbinolun alınması;
  5. Perxlorqlisidil efırlərinin sintezi və çevrilmələri.

İlk dəfə olaraq, M.Ə.Məmmədyarov əməkdaşları ilə birgə yüzlərlə polifunksional üzvi birləşmələr sintez etmiş və onların xassələrini hərtərəfli öyrənmişdir.

Bu tədqiqatlar nəticəsində M.Ə.Məmmədyarov tərəfindən reaksiyaların mexanizminin və kimyasının qanunauyğunluqları müəyyən olunmuşdur; əvəzedicilərin təbiətindən, həcmindən və yerindən, həmçinin onların fəza quruluşundan asılı olaraq, addentin ikiqat rabitəyə birləşmə qaydası müəyyən edilmişdir.

Yuxarıda qeyd edilən tədqiqatlar  M.Ə.Məmmədyarovun 1970-ci ildə müvəffəqiyyətlə müdafıə etdiyi «C2-C4 olefinlərinin yüksək temperaturda «qaynar təbəqə»li xlorlaşdırılması reaksiyasının və alınmış xlorolefinlərin bəzi çevrilmələrinin tədqiqi»  adlı doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. 1972-ci ildə o, «Neft kimyası və neft kimya sintezi» ixtisası üzrə professor elmi adı almışdır.

60-cı illərdə sənaye və texnikanın, ilk növbədə hərbi texnikanın intensiv inkişafı, sürtkü materiallarına olan tələbləri daha da gücləndirdi. Neft yağları bir çox hallarda bu tələblərə cavab vermirdi. Kimyəvi sintez yolu ilə yeni sürtkü yağları növlərinin yaradılması zərurəti ortaya çıxdı. Bununla əlaqədar olaraq, dünyanm bir çox ölkələrində yüksək keyfıyyətli sintetik yağların alınması sahəsində intensiv tədqiqatlar aparılırdı. Bütün bunları nəzərə alaraq, Azərbaycan EA Y.H.Məmmədəliyev adına NKPİ-da 1969-cu ildə «Sintetik yağların kimyası və texnologiyası» laboratoriyası təşkil olunmuşdur. M.Ə.Məmmədyarov bu sahədə tanınmış üzvi kimyaçı-sintetik alim kimi qeyd edilən laboratoriyaya rəhbər seçilmişdir.

Sovet İttifaqında və dünyanın bir sıra inkişaf etmiş ölkələrində istehsal olunan sintetik yağların mövcud vəziyyəti ilə tanışlıqdan sonra aydın oldu ki, perspektiv hərbi texnika üçün sənayedə istehsal olunan sintetik yağlar bir sıra reoloji xassələrinə görə hərbi spesifıkasiyanın artan tələblərinə kifayət qədər cavab vermir. Bu səbəbdən də laboratoriyanın tematikası məhz bu cür yağların yaradılmasına yönəldildi.

Uzun illər ərzində aparılmış fundamental tədqiqatlar nəticəsində M.Ə.Məmmədyarov tərəfindən istiqamətlənmiş sintez yolu ilə molekulun kimyəvi quruluşu, fəza konformasiyası ilə onun reoloji xassələri arasındakı asılılıq nəzərə alınmaqla 3 növ sintetik yağların əsası işlənib hazırlanmışdır: bu iş norbornen sırası efirləri, tsiklik neopoliolların efirləri və vitsinal dikarbon turşularının efırlərindən ibarətdir ki, onlar da unikal aşağı temperatur-reoloji xassələrə malikdirlər, bu da müasir və perspektiv xüsusi texnika üçün çox vacib idi. Yeni sintetik yağlar bir sıra istismar parametrlərinə görə xaricdə və keçmiş SSRİ-də istehsal olunan nümunəvi analoqlarından heç də geri qalmırdı. Əldə olunan yağlar keçmiş SSRİ-nin bir sıra ixtisaslaşmış mərkəzlərində (əsasən Moskva, Kiyev və Leninqrad) laboratoriya və stend sınaqlarından müvəffəqiyyətlə keçmiş və yüksək temperatura davamlı plastik yağlayıcı kütlənin dispers mühiti kimi və eləcə də vahid mühərrik-transmissiya yağlarına kompozisiya kimi, yüksək təzyiq altında polietilen istehsalında işlənən xarici «Ondina» yağını əvəz edən yağ kimi, zaman göstəricisi olan cihazlar üçün effektiv yağlar kimi tövsiyə olunmuşdur.

Sintetik yağların işlənib hazırlanması prosesində M.Ə.Məmmədyarov tərəfindən efırləşmə prosesi üçün yeni bərk katalitik sistem təklif olunmuşdur ki, bu da ekoloji cəhətdən zərərli, tam itirilən sənaye katalizatorundan – sink oksiddən xeyli üstündür. Yeni katalizator Leninqrad neft-yağ zavodunda sənaye miqyasında yoxlanılmış və müsbət nəticə əldə olunmuşdu.

Vitsinal dikarbon turşuları əsasında alınan efir yağlarının istehsalı Ufa şəhərində təcrübə-sənaye miqyasında həyata keçirilmişdi.

M.Ə.Məmmədyarov tərəfindən aparılan tədqiqatların bir qismi elektrokimyəvi sintez (Kolbe üsulu) yolu ilə mürəkkəb efırlərin alınmasına həsr edilmişdi. Təbii naften və sintetik yağ turşuları əsasında müvafıq mürəkkəb efirlər sintez olunmuşdu.

M.Ə.Məmmədyarovun yaradıcılığında elmi-təşkilatçılıq fəaliyyəti əhəmiyyətli yer tutur.

Azərbaycan EA Rəyasət Heyətinin qərarı ilə M.Ə.Məmmədyarov yeni təşkil olunmuş Naxçıvan elm mərkəzinə direktor təyin edilir, onun strukturunda aşağıdakı bölmələrin yaradılması nəzərdə tutulurdu: fızika, riyaziyyat, kimya, biologiya, iqtisadiyyat, tarix və etnoqrafıya. Bütün bölmələr ixtisaslı kadrlardan təşkil edilmiş, onların böyük bir qismi Bakı şəhərindən dəvət olunmuşdu.

Elmi işçilərin, həmçinin aspirantların Bakının, Moskva və Leninqradın aparıcı elmi müəssisələrinə ezam edilməsi praktikası geniş tətbiq edilmiş, onlardan bir çoxu sonralar namizədlik və doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafıə etmişlər. Bütün bunlar ona gətirib çıxarmışdı ki, 80- ci illərin axırında Naxçıvan elmi mərkəzi regional əhəmiyyətli problemlərin fundamental və praktiki aspektləri ilə bağlı olan məsələləri həll etməyə qabil olan yaradıcı bir kollektivə çevrilmişdi. Ən nıühüm nəticələr sırasına Darıdağ termal su mənbəyinin təbii karbon 4-oksid qazından sənaye miqyasında istifadənin texnologiyasının işlənib hazırlanmasını aid etmək olar. Bu işə görə bir qrup müəlliflər, o cümlədən M.Ə.Məmmədyarov 1980-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.

Naxçıvan elmi mərkəzinin alimləri tərəfindən itməkdə olan meyvə və dekorativ bitki növlərinin introduksiyası və Naxçıvan Nəbabət bağının yaradılması sahəsində də müəyyən nailiyyətlər əldə olunmuşdu.

Naxçıvan elmi mərkəzinin yaradılması elmi tədqiqatların daha geniş aspektdə aparılması üçün stimul rolunu oynamışdı. Bütün bunlar, nəticədə Naxçıvan şəhərində 2002-ci ildə Azərbaycan EA-nın fılialının yaradılmasına gətirib çıxarmışdı.

1981-ci ildə Azərbaycan EA Rəyasət Heyətinin qərarı ilə məşhur kimyaçı M.Ə.Məmmədyarov Mikrobiologiya sektoruna direktor təyin edilir. M.Ə.Məmmədyarovun təşəbbüsü ilə sektorun tematikası o vaxtlar respublikada mikrobioloji sintez məhsulları istehsalının tamamilə olmadığı şəraitdə regional əhəmiyyətli mikrobioloji məsələlərin həllinə yönəldilmişdi. Neft mikrobiologiyası, fıliz biotexnologiyası, bitki substratlarının biotransformasiyası, polidoymamış yağ turşuları biosintezi və mikrob fermentlərinin sintezi sahəsində tədqiqatlar başlanır. Əsas diqqət isə yerli biotoplardan aktiv produsentlərin ayrılmasına, biotexnoloji proseslərin işlənib hazırlanması məqsədilə metabolitlərin biosintezinin tənzimlənməsinə yönəldilmişdi.

İlk dəfə olaraq mikrobioloji proseslərin Neft mikrobiologiyası sahəsində modelləşdirilməsi M.Ə.Məmmədyarovun rəhbərliyi ilə neft laylarında həyata keçirilmişdir. Bu da müəyyən qrup mikroorqanizmlərin metabolitlərinin laylardan neftin sıxışdırılıb çıxarılmasını artırmağa və layların neft verməsini artırmaq üçün prinsipcə yeni yolların axtarılıb tapılmasından ibarət idi. Alınmış nəticə mədən şəraitində sınaqdan keçirilmiş və «Azneft» tərəfindən tətbiq üçün qəbul edilmişdir. Bununla yanaşı, Abşeronun neftlə çirklənmiş torpaqlarından ayrılmış aktiv ştamların içərisindən kultural məhlulların səthi gərilməsini təxminən 3 dəfə aşağı salan ştamlar müəyyən edilmişdi ki, bu da həmin məhlullardan ağır neft qalıqlarını yumaq üçün detergent kimi istifadə oluna bilərdi.

Abşeronun neftlə çirklənmiş torpaqlarının biologiyasının tədqiqi, torpaqların öz-özünü təmizləməsi prosesini intensivləşdirmək məqsədilə mikroorqanizmlərin biogeokimyəvi fəaliyyətinin tənzimlənməsinin elmi əsaslarını işləyib hazırlamağa imkan verdi. Neftlə çirklənmiş torpaqların bərpası üçün təklif olunmuş üsul keçmiş SSRİ-nin XTNS-nin gümüş və bürünc medalına layiq görülmüşdü.

Avadanlıqların su sistemində biobitisdən və biokorroziyadan müdafıəsi üçün bakterisid-inhibitorların kompleks preparatı təklif olunmuşdu ki, o da Rusiyanm, Ukraynanın, Moldovanın və Gürcüstanın bir sıra kağız-sellüloz və patka-nişasta sənaye müəssisələrində tətbiq edilir.

Ağacparçalayan bazıdili göbələklərin fermentlərinin sintezinin və sekresiyasının xüsusiyyətlərinin öyrənilməsi müxtəlif fızioloji aktiv maddələrlə zəngin olan yem əlavələrinin alınmasının tullantısız biotexnologiyasının işləyib yaradılmasına gətirib çıxardı ki, bu da Çexoslovakiyada keçirilən beynəlxalq sərgidə birinci dərəcəli diploma və qızıl medala layiq görülmüşdür.

M.Ə.Məmmədyarovun rəhbərliyi altında Abşeronun şərabçılıq və yağ zavodlarının tullantılarından istifadə olunmaqla, mitsello göbələklərlə doymamış yağ turşularının biosintezinin idarə olunmasınm fızioloji- biokimyəvi aspektləri ətraflı tədqiq olunmuşdur.

Aparılan elmi işlərin səviyyəsini və region üçün praktiki əhəmiyyətini nəzərə alaraq, Nazirlər Kabineti 1994-cü ildə Mikrobiologiya bölməsinə institut statusunun verilməsi haqda sərəncam vermişdir. Həmin ildə alternativ müsabiqə əsasında aparılan seçkilərdə M.Ə.Məmmədyarov institutun ilk direktoru vəzifəsinə seçilmişdir.

1998-2002-ci illərdə M.Ə.Məmmədyarov Molekulyar biologiya və Biotexnologiya institutu ilə birgə yerinə yetirilən «İNKO» Kopernikus qrantının müəlliflərindən biri olmuşdur.

M.Ə.Məmmədyarovun apardığı elmi tədqiqatların nəticələri: 500-dən artıq elmi əsərdə, o cümlədən 5 monoqrafiyada və 60 ixtirada öz əksini tapmışdır. Bütün bunlar elmi ictimaiyyət tərəfındən layiqincə qiymətləndirilmişdir.

M.Ə.Məmmədyarov 1975-1980-ci illərdə zərif üzvi kimya üzrə SSRİ EA- nın Elmi Şurasının üzvü olmuş, 1975-1980-ci illərdə Naxçıvan MR üzrə «Bilik» cəmiyyətinin sədri, ümumittifaq «Bilik» cəmiyyətinin təftiş komissiyasının üzvü, Respublika «Bilik» cəmiyyətinin kimya və biologiya elmlərinin təbliği şöbəsinin sədrinin müavini, 1992-1993-cü illərdə «Neft kimyası» ixtisası üzrə namizədlik və doktorluq elmi dərəcələrinin verilməsi üzrə Y.H.Məmmədəliyev adına NKPİ-də İxtisaslaşmış Şuranın sədri vəzifələrində çalışmışdır.

M.Ə.Məmmədyarov dəfələrlə elmi məruzələrlə beynəlxalq, ümumittifaq və respublika səviyyəli konfranslarda çıxış edərək, elmin müxtəlif sahələrinə – ümumi, tətbiqi kimya, neft kimyası, kataliz, polimerlər, epoksid birləşmələri, kimya və neftkimyəvi biotexnologiya, biotexnologiya və s. aid maraqlı məlumatlar vermiş, ölkəmizi müxtəlif yığıncaqlarda, simpoziumlarda, qurultaylarda, müxtəlif şəhərlərdə – Moskva, Leninqrad, Kiyev, Minsk, Riqa, Tbilisi, Alma-Ata, Düşənbə, Daşkənd və s. layiqincə təmsil etmişdi.

M.Ə.Məmmədyarovun həyatında pedaqoji fəaliyyəti mühüm yer tutur: 1967-1969-cu illərdə Ç.İldırım adına Politexnik İnstitutunda, 1973-1975-ci illərdə isə Naxçıvan Pedaqoji İnstitutunda üzvi kimya kursu üzrə mühazirələr oxumuşdur.

M.Ə.Məmmədyarovun rəhbərliyi ilə 21 fəlsəfə doktoru və 6 elmlər doktorluğu dissertasiyaları müdafıə olunmuşdur. O, 200-dən artıq namizədlik və doktorluq dissertasiyalarının opponenti olmuşdu.

1989-cu ildə M.Ə.Məmmədyarov Azərbaycan EA-nın «Neft kimyası» ixtisası üzrə müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının «Kimya» ixtisası üzrə həqiqi üzvü seçilmişdi.

2001-2005-cü illərdə M.Ə.Məmmədyarov Bakı Dövlət Universitetində «Kimya» ixtisası üzrə bakalavr dərəcəsi verən Dövlət Komissiyasınm sədri olmuşdu.

M.Ə.Məmmədyarov xidmətlərinə görə 14 dövlət mükafatına layiq görülmüşdür. O Azərbaycan SSR Dövlət Mükafatı Laureatıdır. 1995-ci ildə Y.H.Məmmədəliyev adına medalla, 2005-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni, elm və texnika sahəsində əldə etdiyi nailiyyətlərə görə İslam Ölkələri İqtisadi İnkişaf təşkilatının «ECO» qızıl medalına layiq görülmüş və diplomla təltif edilmişdir. 2009-ci ildə o, Əməkdar Elm Xadimi fəxri adına, 2014-cü ildə isə Y.H.Məmmədəliyev adına mükafata layiq görülmüşdür. 2014-cü ildə Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif olunmuşdur

Akademik M.Məm­məd­ya­rov  02 yanvar 2022-ci ildə Ba­kı şəhərində və­fat et­miş­dir.

 

COP29