“Bu gün mətbuatımız həm də Azərbaycanın haqq səsidir” – Tənzilə Rüstəmxanlıdan jurnalistlərə TƏBRİK

“Ən əsası, Azərbaycan mətbuatı zamanla ayaqlaşaraq, inkişaf sürətini daim sabit saxlayır”.

Yenicag.az xəbər verir ki, Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlı Milli mətbuatımızın 145-ci ildönümü münasibətilə jurnalistləri təbrik edib.

Tənzilə Rüstəmxanlı təbrik mesajında öz funksiyasını şərəflə yerinə yetirən Azərbaycan mətbuatının həm də ölkəmizin haqq səsinə çevrildiyini vurğulayıb:

“Bu gün Azərbaycan ictimai fikir tarixinin ən önəmli günlərindən biri – Milli Mətbuat Günüdür. 145 il öncə – 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü və min bir əziyyəti sayəsində “Əkinçi” qəzetinin nəşrə başlaması ilə milli mətbuatımızın əsası qoyuldu. İllər sonra “Əkinçi”nin açdığı “cığır”la mətbuat tariximizdə özünəməxsus yerlər tutan onlarla, yüzlərlə yeni qəzet və jurnal nəşr edilməyə başladı. Çar Rusiyasının milli məfkurəni boğmağa yönələn sərt siyasətinə və aramsız basqılarına qarşı əzmlə dayanan dəyərli ziyalılarımız xalqımızın mətbuat vasitəsilə maariflənməsi və zamanın səsinə səs verməsi üçün əllərindən gələndən də artığını edərək, inanılmaz fədakarlıq göstəriblər. Müstəmləkəçilik siyasətinin hədəfində olan xalqımız məhz bu fədakarlıq nəticəsində öz milli kimliyini qorumağı, ağır təzyiqlər dalğasında dəyərli ziyalılarını yetirşdirməyi bacardı.

Əlbəttə ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması həyatımızın bütün sahələri kimi, mətbuatın da inkişafına təkan verdi, söz və ifadə azadlığının təmin edildiyi şəraitdə yeni nəşrlər fəaliyyətə başladı. Çox təəssüf ki, 1920-ci il aprelin 28-də Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalı ölkəmizdə azad mətbuatın da sıradan çıxarılmasına səbəb oldu. 70 illik Sovet rejimi dönəmində mətbuata sadəcə, ideoloji rupor olmaq imkanı verildi. Bununla belə, XX əsrin 80-ci illərinin sonlarında SSRİ-də başlayan demokratikləşmə dalğası mətbuatın daha sərbəst fəaliyyətinə imkan yaratdı. Məhz o dövrdə Xalq şairi Sabir Rüstəmxanlının rəhbərliyi ilə nəşrə başlayan “Azərbaycan” qəzetinin ölkəmizdə azad mətbuatın ilk qaranquşuna, milli ideyanın, müstəqilliyimizin bərpasının ideoloji bazasına çevrildi.

1991-ci ildə müstəqilliyimizin bərpası mətbuatımızın qarşısında əvvəlki nəsillərin yalnız arzulaya biləcəyi yeni imkanlar açdı. Elmi-texnoloji inkişafın inanılmaz tempi mətbuatın cəmiyyəti məlumatlandırmaq və maarifləndirmək funksiyasını daha sürətlə həyata keçirməsinə şərait yaradıb. Son illərdə sosial şəbəkələrin və müxtəlif internet platformalarının geniş yayılmasına, hətta mətbuatla rəqabət aparacaq səviyyəyə çatmalarına baxmayaraq, onlar heç bir halda azad medianın yerini verə bilməz. Bu gün Azərbaycan mətbuatı öz üzərinə düşəndən də artıq vəzifələri icra edir, Azərbaycanın haqq səsini dünyaya yayır, ictimai ədalət prinsiplərinin qorunmasına nəzarəti həyata keçirir. Ən əsası, Azərbaycan mətbuatı zamanla ayaqlaşaraq, inkişaf sürətini daim sabit saxlayır.

Mən Milli mətbuatımızın 145-ci ildönümü münasibətilə dəyərli jurnalistlərimizi öz adımdan və Azərbaycan Türk Qadınlar Birliyi adından dərin səmimiyyətlə təbrik edir, onlara davamlı yaradıcılıq uğurları arzulayıram. Vətən və Millət uğrunda yazan qələminiz hər zaman kəskin olsun!

Hörmətlə,
Tənzilə Rüstəmxanlı
Azərbaycan Türk Qadınlar Birliyinin sədri”