!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün "Molla Nəsrəddin” jurnalının ilk sayının çapdan çıxdığı gündür

!Reklam – Yazi

Bildiyimiz kimi jurnal 1906-ci il aprel ayının 7-də Tiflisdə çapdan çıxıb. Jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olan jurnalın 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) işıq üzü görüb.

Dərc olunduğu gündən “Molla Nəsrəddin” Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib.

“Molla Nəsrəddin” jurnalının həyat səhnəsinə qədəm qoyması və onun başında C.Məmmədquluzadə kimi açıq fikirli bir ziyalının durması azadlıq dostlarını ürəkdən sevindirib. Jurnalda Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, Oskar Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstəriblər.

Molla Nəsrəddin jurnalının ilk sayının üz səhifəsində verilən şəkildə yuxuya getmiş bir dəstə müsəlman təsvir olunub. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsrəddin onları oyatmağa çalışıb. “Molla Nəsrəddin”i dövrün ən müasir inqilabi məsələləri ilə yanaşı Azərbaycan xalqının min illərdən bəri davam edən dərdləri də çox düşündürüb. Bu dərdlər içərisində dini-fanatizm daha dəhşətlisi olub. Bu fikri xalqa çatdırmaq üçün C. Məmmədquluzadə “Molla Nəsrəddin”in birinci nömrəsinin üz qabığında öz həmvətənlərinin yatmış rəsmini dərc etdirib.

Sayın ikinci səhifəsini “Sizi deyib gəlmişəm” məqaləsi bəzəyir. Sonrakı səhifələrdə satirik xəbərlər, teleqramlar, atalar sözü, “Dəllək” hekayəsi, “Lisan” bəlası felyetonu və dörd karikatura çap olunub. “Molla Nəsrəddin”in tarixi mübarizəsinin böyüklüyü onda olub ki,onun XX əsr Azərbaycan həyatının eybəcərliklərinə qarşı çevrilmiş amansız qəzəb və nifrətinin arxasında vətənə və xalqa böyük məhəbbət dolu bir ürək dayanıb. Bu, vətəni və xalqı hər cür ictimai rəzalətlərdən xilas etmək, onu müasir dünyanın qabaqcıl xalqları sırasına çıxartmaq arzusu ilə çırpınan ürək olub. Jurnal İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə də yayılaraq oradakı xalqların sosial-mədəni tərəqqisinə müsbət təsir gostərib.

Yeniçağ.az

www.yenicag.az

3566
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv