Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

Mərkəzdən Yenicag.az-a verilən məlumata görə, imtahanlarda 13 min 450 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.

İmtahanlar saat 11:00-da başlanacaq.

İmtahanların təşkil edilməsi üçün 67 imtahan binası, 1072 imtahan zalı, 67 ümumi imtahan rəhbəri, 167 imtahan rəhbəri, 1395 nəzarətçi – müəllim, 134 buraxılış rejimi əməkdaşı, 67 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2 iyul 2020-ci il tarixində şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq:

• Əvvəlki illərin məzunları üçün I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi və kolleclərə qəbul imtahanı (Naxçıvanda);

• 9-cu sinif üzrə buraxılış imtahanları;

• 11-ci sinif üzrə buraxılış imtahanları;

• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

• Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;

• Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanı (Naxçıvanda) keçirilir.