“Bu gün rus, ingilis dillərini bilən neçə ilahiyyatçımız var?” – Dini təhsil konfransından maraqlı mesajlar
“Dubai International Hotel”də “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda konfrans keçirilir.
Yenicag.az xəbər verir ki, konfransda ilahiyyatçılar, filosoflar, sosioloqlar, tarixçilər, tələbələr və digərləri iştirak edir.
Konfransa açılış sözü ilə başlayan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, “Azərbaycanda bu gün dinə yanaşma homofob düşüncəyə çevrilib. Hətta bəziləri dini məsxərə obyekti kimi görür. Dinin mahiyyətini başa düşmədən ona məsxərə ilə yanaşmaq düzgün deyil və bu halları görmək insanı məyus edir. Bir çox hallarda isə cəmiyyətdə müəyyən fərdlərin cahilliyini də birbaşa din ilə bağlayırlar. Belə insanlar Avropada baş verən inkişafı məhz onların dindən uzaqlaşması ilə bağlayaraq yanlış düşüncə yaradırlar. Bu cür yanaşma düzgün deyil. Tarixdən də bəllidir ki, din alimləri bir çox elmi yeniliklərə töhfə veriblər. Biz ümid edirik ki, dinə önyarğılı yanaşma sona çatacaq, onun mahiyətinə düzgün varılacaq. Din insanın mənəvi zənginliyidir”.
Daha sonra çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov “Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər” mövzusunda geniş açıqlama verərək çıxışını bu tezislər üzərində qurub:
“Bizim əsas məqsədimiz dini dərindən öyrənən, mahiyyətinə varan, eyni zamanda dünyəvi elmlərdən anlayışlı ilahiyyatçılar yetişdirməkdir. İlahiyyatçı olmaq yalnız dini öyrənmək demək deyil. Gəlin baxaq, bu gün rus, ingilis və digər dilləri bilib, dini həqiqətləri o dillərdə dünyaya çatdıracaq neçə ilahiyyatçı var?! Bu ciddi bir problemdir. Bu nöqtədə bizim işimiz çox ağırdır. Biz həm dinini mənimsəyən, həm də onu müdafiə etməyi bacaran ilahiyyatçılar yetişdirməliyik. Çünki, bu gün din ən çox məsxərə obyekti olan mövzuya çevrilib. Bu düzgün deyil, ona görə də dinin mahiyyəti düzgün çatdırılmalıdır.
Digər ən önəmli problemlərdən biri də, ilahiyyatçıların işlə təmin olunmasıdır. Bu gün ilahiyyatçıların üzləşdiyi əsas problemlərdən biri də məhz işsizlikdir. Biz bu problemin aradan qaldırılması istiqamətində əlimizdən gələni edirik”.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev isə “Dini təhsilin mahiyyəti” mövzunda dinləyicilərə bilgilərini çatdırıb:
“Bizim cəmiyyətin əsas problemlərindən biri də özünə əminlik – “mənəm, mənəm” prinsipidir. Bəzən insanlar məsələnin mahiyyətini anlamadan düşüncələrini bildirirlər. Din isə ilk baxışdan fikir bildirəcək bir mövzu deyil. Onu araşdırmaq, anlamaq, daha sonra fikir bildirmək lazımdır. Azərbaycanda dinə göstərilən qayğı təqdirəlayiqdir. Cənab prezident İlham Əliyevin sərəncamı ilə İlahiyyat İnstitutu və digər dini qurumlar yaradıldı. Bu qurumlar Azərbaycanda dini təhsilin yaranması üçün müstəsna dəstək olacaq.
Bu gün Azərbaycanda 1988-1990-cı illərdəki kimi problemlər yoxdur. O zamanlar nə qurumlar, nə savadlı ilahiyyatçılar var idi. Amma bu gün bütün bunlar var”.
Bundan sonra, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “Dini təhsildə dini ədəbiyyatın rolu”, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imamı Şahin Həsənli “Dini təhsilin keyfiyyət məsələsi”, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov “Dünya təcrübəsində müxtəlif din təhsil modelləri” mövzularında dinləyicilərə məlumat çatdırıblar.
Tədbir hazırda müzakirələrlə davam etdirilir.