!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün Salatın Əsgərovanın doğum günüdür

!Reklam – Yazi

Azərbaycanın Milli Qəhrəmanı, mərhum jurnalist Salatın Əsgərovanın doğum günüdür.

Yenicag.az xəbər verir ki, Əsgərova Salatın Əziz qızı 1961-ci ildə dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna indiki Azərbaycan Dövlət Akademiyasına daxil olub.


1988-1989-cu illərdə Qarabağda baş verən hadisələr Salatın Əsgərovanı tamam başqa sahəyə gətirir.

Universitetin Mühəndislik fakultəsini bitirsə də, o jurnalist kimi fəaliyyət göstərməyə başlayıb. “Molodyoj Azerbaydjana” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Qəzetin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazıb, tez-tez cəbhənin qaynar nöqtələrində olub. Həmçinin heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışıb.

Hazırladığı reportajlarla müharibənin ən qızğın nöqtələrindən xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu kütləsi yığmağı bacarıb. Bir oğul anası olan Salatın onun gələcəyi, əmin-amanlıq içərisində yaşaması üçün bu çətin yolu seçmişdi. Hər zaman olduğu kimi yenə əcəl ölüm zəngini vaxtında çalmır. Daim ön cəbhədə olan Salatın Əsgərova bir gün ordan geri dönə bilmir. İnsanlar onun yazılarını gözləyərkən ölüm xəbəri gəlir. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulur və elə oradaca qətlə yetirilir.

Salatın Əsgərovanın ölümünə bais olan Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan müəyyənləşdirilərək, 1991-ci ilin mayında həbs olunur. 1993-cü ildə cinayətkarlar ölümə məhkum edilsələr də, 1996-cı il mayın 8-də birtərəfli qaydada Ermənistana təhvil verilirlər.


Qeyrətli vətən qızı Salatından geriyə torpaq üçün göstərdiyi qəhrəmanlıqları, vaxtında hazırladığı reportajları və bir oğlu qalıb. Hazırda o da anasının yolunu davam etdirərək jurnalist kimi fəaliyyət göstərir.

Vəfatından sonra Azərbaycanın qəhrəman qızı Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Salatın Əziz qızı Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Hazırda Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır. “Təfəkkür” Universitetində büstü qoyulub. Yaşadığı binaya barelyefi vurulub. Yaxınlığında həlak olduğu kənd “Salatınkənd adlanır”.

www.yenicag.az

649
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv