Bu gün və sabah Yerin yaxınlığından iki nəhəng asteroid keçəcək – FOTO / VİDEO

Yaxın vaxtlarda göydələn böyüklüyündə iki asteroid Yer kürəsinin yanından keçəcək.

Məlumata görə, asteroidlərdən biri bu gün, iyulun 29-da Yerə mümkün qədər yaxınlaşacaq, ikincisi isə iyulun 30-da planetimizin yanından keçəcək.

Sözügedən səma cisimlərindən birincisi 2016 CZ31 adlanır və 55,618 km/saat sürətlə hərəkət edir. Astronomlar hesab edirlər ki, onun ən geniş hissəsində eni təqribən 122 metrdir və bu, təxminən 40 mərtəbəli binanın ölçüsünə bərabərdir. NASA-nın məlumatına görə, asteroid Yerdən təqribən 2,8 milyon kilometr məsafədən keçir ki, bu da Yerlə Ay arasındakı orta məsafədən yeddi dəfə çoxdur. Agentlikdən həmçinin bildirilir ki, bu kosmik qaya bir neçə ildən bir Yerə yaxınlaşır, növbəti yanaşma 2028-ci ilin yanvarında gözlənilir.

İyulun 30-da isə planetimizin yaxınlığından 2013 CU83 adlanan asteroid keçəcək. Diametri təxminən 183 metr olan və 21.168 km/saat sürətlə hərəkət edən səma cismi Yerdən təxminən 6,9 milyon kilometr məsafədən keçəcək ki, bu da Yerlə Ay arasındakı orta məsafədən təxminən 18 dəfə çoxdur./Oxu.az/