ABŞ iqtisadiyyatına təhlükə yarada biləcək məsələlər həll edilməyəcəyi təqdirdə, Birləşmiş Ştatlar Ümumdünya Ticarət Təşkilatından (ÜTT) imtina edəcək.
Yenicag.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp “Bloomberg News”a müsahibəsi zamanı səsləndirib.
Trampın sözlərinə görə, təşkilat son vaxtlar ABŞ-a qarşı qərəzli mövqe sərgiləyir.
Ağ Ev lideri 1994-cü ildə təşkilatın yaradılmasına dair müqaviləni “bu günə qədər bağlanılmış ən pis ticarət sazişi” şəklində dəyərləndirib.
Təşkilatdan çıxmaq qərarını əsaslandıran Tramp, buna səbəb kimi açıq ticarət ilə bağlı yol verilən qərəzli qərarları göstərib.
Xatırladaq ki, ötən il Donald Tramp “Fox News”a müsahibəsində bildirib ki, ÜTT sadəcə ABŞ-dan faydalanmaq üçün yaradılmış bir təşkilatdır: “Mən əsassız danışmıram. Qərəzlilik açıq-aydın ortadadır. Ümumdünya Ticarət Təşkilatının apardığı bizə aid məhkəmə iddialarının, demək olar ki, bütününü itiririk”.
Vaşinqton bu yaxınlarda ÜTT-nin mübahisəli məsələlərin həlli sisteminə yeni hakimlərin təyinatına da maneə törətmişdi. Bu da ekspertlər tərəfindən normal qarşılanmamış və təşkilatın fəaliyyətində müəyyən çətinliklər yaradacağı şəklində analiz edilmişdi.
Qeyd edək ki, ÜTT Qlobal ticarət qaydalarının pozulması ilə əlaqədar ölkələr arasındakı mübahisəli məsələlərin nizamlanması və yeni ticarətin qaydalarının liberallaşmasına nəzarət edən beynəlxalq müzakirə forumudur.