Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? – Üzeyir Hacıbəylinin məqaləsi

Bu gün Cümhuriyyət Parlamentimiz – Məclisi-Məbusanın açılışının 99 ili tamam olur.

“Azərbaycan” qəzeti Parlamentimizin 99 ilinin tamam olması münasibətilə bugünkü sayında Üzeyir Hacıbəylinin məqaləsini dərc edib.

Yenicag.az həmin məqaləni təqdim edir:

Parlamanımız açıldı, gördük, Fətəli Xan doğru dedi ki, yatsa idik də yuxumuza girməzdi…

Əvvəla, ingilislərin qeydkeşliyi: hürriyyətimizin bədxahları tərəfindən, parlamanımız açılması münasibətilə məbadə bir şuluqluq biruzə verməsin və versə də filfövr qabağı alınsın deyə, parlaman imarəti yanındakı Hacının qız məktəbidir – ingilislərin iki ədəd zirehli avtomobili dayanıb, içindən görünən topların ağzını açıb gəlib-gedənə guya:
“Dinc dur!” – diyordu.

Zatən o səmtdən gəlib-gedən heç yox idi, çünki Azərbaycan polisi imarətin “bir ağaclığından” – qoy mübaliğə olsun – adamları keçməgə qoymayıb, ancaq məbuslara və parlamana girmək həqqı vəsiqəsinə malik olanlara izin verirdi.

Parlaman imarətinin içində ziynət cümləsindən calibi-diqqət olan şey – qiymətli xalılar degil idi – bəlkə fiyatı ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyyəsi dedikcə baha olan üçrəngli milli bayraqlarımız idi.

Məhəmməd Əmin nitqi-iftitahisində bu üç rəngin: “Türkləşmək, islamlaşmaq və müasirləşmək” amalı əlamətindən ibarət olduğuna işarə ilə -”Bu bayraq endirilməz!” – dedikdə bütün Məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu. Nədənsə bu fəqə-rə dəxi yadıma düşdü ki, görəsən küçədə zirehli avtomobillər olmuyub, heç bir nəfər də polis və ya qoşun əhli görünməsə idi, bugünki günün şərəfinə toxunmaq kimi ədəbsizligə bir kəsdə cürət ola bilərdimi?!

Bəncə yox, çünki bu müqəddəs Məclisin imarət dəlik-deşiklərindən belə dışarıya tərəf nəbə etdigi əzəməti-mənəviyyəsindən o dərəcə mütəəssir olardı ki, əli-qolu boşalıb dili də bağlanardı…

Məclisin açılmaq saatı yaxınlaşdı. Tamaşaçılar ki içlərində müsəlman xanımları da az degildi – boş yerləri doldurdular. Məbuslar hər kəs öz məxsusi yerini tapıb oturdular. Qəzetə yazıçıları kağız və qələmlərini hazırlayıb müntəzir durdular. Ministrlər müavinlərilə bərabər öz yerlərinə keçib cərgə ilə oturdular. Bir lojaya sığmıyıb, sağ və sol iki loju doldurdular.

Bunların hamısı başı açıqdırlar. Bir nəfərdən səvayi, görünür ki, soyuqdan qorxurmuş, həqiqət, çox soyuğdur.

Hamı amadə olub intizarda ikən Milli Şura rəisi Məhəmməd Əmin Rəsulzadə cənabları rubəru qapıdan çıxıb məqami-sədarətdə üzü Məclisə tərəf, ayaqüstə bir vəziyyət aldıqda hazirunin intizarı donub diqqətə münqəlib oldu.

Məhəmməd Əmin qəlbən nikbin və nikbinligində də sabitqədəm olduğuna dəlalət edən açıq və gülər bir üz və yerə baxmaq adəti olmayan bir göz ilə məbuslara xitabən nitq söyləməgə başladı.

Padşahlı məmləkətlərdə Məclisi-Məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən övladı açdı.

Məhəmməd Əmində – natiqlikdə “patent” qazanmış olan “arator”lara məxsus qol atma, baş oynatma, üz-gözünü sifətdən-sifətə dəgişmə kimi hərəkətlər yox idi.

Bunların əvəzində özgə bir hal var idi ki, o da getdikcə qızışıb sözlərinin dəruni qəlbdən söyləndigini eşidənlərə hiss etdirməklə dərin bir təsir oyatmaq idi.

Qol atmaqdan bu yaxşıdır. Bunda ixlasi-qəlb və səmimiyyətlə bərabər, sərd edilən kəlamda bir də böyük bir ciddiyyət mövcud olduğuna hər kəs inanıb natiqin hər bir sözünə lazımınca əhəmiyyət verilirdi. O idi ki, hər bir cümlə axırında alqışlar yağırdı.

Natiqin nitqini bugünki nömrəmizdə oxuyarsınız. Mənim məqsədim – gördüklərimi, təəssüratımı söyləməkdir.

Növbət ministrlər rəisi Fətəli Xan Xoyskiyə yetişdi.

Xudavəndi-aləm hər yerdə istibdad varsa evini yıxsın, necə ki rus istibdadının evini yıxdı. Qoyurdularmı ki, vəqtində dilimizi ögrənək ki, yeri düşəndə danışarkən fikrimizi söyləməgə, söz axtarmağa möhtac qalmayaq!

Bavücudi-in Fətəli Xan çox da duruxa-duruxa danışmırdı; dilinə hətta rəvan demək də caizdir. Anasından ögrənmiş dilinə, bir qədər də türk qəzetələri mütaliəsindən və bir də Osmanlı türk arqadaşlarımız ilə bir müddət təmasda bulunub deyüb-danışmaq məcburiyyətindən hasil olan sözləri qatıb, bir dil düzəltmişdi ki, onunla ifadeyi-məram edirdi.

Fətəli Xan zatən nitq söyləmirdi. O, məbuslar əfəndilərlə dərdləşmək istiyordı, dərdini söyliyib şikayət edirdi:
– Xaricdə qarışıqlıq və daxildə pərişanlıq ola-ola, xəzinədə bir köpük pul və meydanda bir nəfər əsgər olmaya-olmaya – bizi hökumət seçib dedilər ki, gərək bu işləri düzəldəsiniz. Biz də – necə ki görürsünüz mümkün qədər düzəltdik. Pul da var, yol da var və sairə.
Məclis Rəisi-Vüzəranın sözlərinə diqqət və sükut ilə qulaq verirdi, ancaq sağ tərəfdə kim idisə xısın-xısın pıçıldanıb rəisin hər sözünə bir kinayə buraxırdı.

Zənnimcə, Fətəli Xanın “şikayət”i parlaman əksəriyyətinin qəbuluna məzhər olmayacaq degil.

“Deklarasiya”nın müzakirəsi sonraya qaldı. Doğrudur, Fətəli Xan kabinəsinin əvəzində özgə bir kabinə olsa idi işləri daha gözəl aparardı, deyənlər olacaqdır. Ancaq bəlkə özgə kabinə heç bu işləri də görə bilməyəcək idi, deyənlər də az olmayacaqdır.

Fətəli Xanın “tənqid etmək asandır, amma işi görmək çətindir” – sözlərinə çox adamlar şərikdir.

Sağda oturan “İttihad” fraksiyası özlərindən sol olan fraksiyaları bir məsələdə qabaqladı. Hətta bir dərəcəyə qədər “məhcub” belə etdi ki, “utandırdı” sözündən bir az yüngüldür. “İttihad” parlaman açılmaq bayramı münasibətilə siyasi dustaqların əfvi-ümumisi təklifıni etdi. Fraksiya namindən bu təklifi irad edən “İttihad” əzası “özgələrə səbqət” etmək arzusunun cuşindən karıxıb “siyasi” sözünü unutmaqla bir çoxlarını qorxutdu, kənardan tez “siyasi” sözünün əlavəsi mətləbi aşkar etməklə təskinə səbəb oldu.

Cavan parlamanımızın birinci iclasından hasil olan təəssürat gələcək əndişələrimizin zayil edilməyəcəginə ümidlər verib, indiki ovzamızın da bir dərəcəyə qədər hiss etdigimiz ağırlığı müqabilində qəlbimizdə təsliyyətamiz bir hiss oyadır.

Allah kömək etsin!
Üzeyir
“Azərbaycan”, 9 dekabr 1918, №60

Nəbə – xəbər
Məhkub – örtülü

COP29