Xəbər verdiyimiz kimi, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 35 nəfər həlak olub, 32 nəfər yaralanıb.
Qəzanın baş vermə səbəbi ilə bağlı müxtəlif versiyalar irəli sürülsə də, hələlik buna dair rəsmi açıqlama verilməyib.
Baş vermiş qəza isə “Embraer” təyyarəsini gündəmə gətirib, bu təyyarənin əvvəllər keçirdiyi qəzalar araşdırılmağa başlanılıb.
Yenicag.az “Embraer” təyyarəsinin daha öncə qarışdığı qəzaları sıralayır:
4 may, 2020: Somali “East African Express” Hava Yolalrına aid “Embraer EMB-120” tipli yük təyyarəsinin Efiopiya tərəfindən yanlışlıqla atəşə tutulması nəticəsində təyyarə qəzaya uğrayıb. Göyərtədəki 6 nəfərin hamısı həlak olub.
11 noyabr, 2018: “Air Astaana”ya aid “Embraer 190” tipli sərnişin təyyarəsində idarəetmə problemləri yaşandıqdan sonra təcili eniş icazəsi tələb olunub. Təyyarə aeroporta enərkən bort ciddi şəkildə zədələnib. Xoşbəxtlikdən hadisə nəticəsində ölən olmasa da, həmin təyyarə istifadədən çıxarılıb.
31 iyul, 2018: “Aeroméxico Connect”ə aid eynitipli təyyarə Meksikanın Duranqo şəhərindən havalandıqdan qısa müddət sonra qəzaya uğrayıb. Qəza nəticəsində təyyarə tamamilə yansa da, göyərtədə olan 103 nəfər arasında itki qeydə alınmayıb.
12 oktyabr, 2017: “Air Guicango”nun “Embraer EMB-120” tipli ambulans təyyarəsinin havada ikən bir mühərriki alışıb. İdarəetmə itirildiyi üçün qəza qaçınılmaz olub. Təyyarədəki 7 nəfər yanaraq can verib.
29 noyabr, 2013: “LAM Mozambique Airlines”a aid “Embraer” təyyarəsinin Namibiyada qəzaya uğraması nəticəsində 33 nəfər ölüb. Qəzanı pilotun qəsdən törətdiyinə dair məlumatlar var.
24 avqust, 2010: “Henan” Hava Yollarına aid “Embraer 190” təyyarəsi “Yichun Lindu” aeroportundakı müvafiq yola 1 kilometr qalmış eniş həyata keçirib. Nəticədə 44 nəfər həyatını itirib. Sözügedən qəza “Embraer”in qarışdığı ən çox itkinin qeydə alındığı qəzadır.
7 fevral, 2009: “Manaus Aerotáxi”yə aid “Embraer EMB-110P1” təyyarəsi Braziliyada daxili uçuş həyata keçirərkən gedəcəyi nöqtədə hava şəraiti pisləşdiyi üçün geri dönüb. Lakin təyyarə qısa müddət sonra qəzaya uğrayıb və 24 nəfərə məzar olub.
14 may, 2004: Braziliyanın “Rico Linhas Aereas” Hava Yollarına aid “Embraer 120” təyyarəsi Amazon çayına düşməsi nəticəsində 33 nəfər həyatını itirib.
30 avqust, 2002: Braziliyanın “Rico Linhas Aereas” Hava Yollarına aid “Embraer 120” sərnişin təyyarəsi Rio Branko şəhərində qəzaya uğrayıb. Hava gəmisindəki 31 nəfərdən 23-ü həlak olub.