“Bu güzəştlərin tətbiqi mənzil və obyektlərin icarəsində müsbət tendensiya yaradacaq” – Elnur Fərzəliyev

“Fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi vergi dərəcəsinin aşağı salınması təqdir olunmalıdır”.

İqtisadiyyat Nazirliyi Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” qanuna zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlayıb. Həmin təkliflərdə koronavirus pandemiyasının mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə bir sıra güzəştlərin tətbiqi nəzərdə tutulur.

Layihədə vergi ödəyicilərinin vergi və inzibati yükünün azaldılmasına dair müddəalar öz əksini tapıb. Bu çərçivədə fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan vergi dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi də təklif olunur.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev irəli sürülən təkliflə bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, mövcud şəraitdə vergi dərəcəsinin azaldılması çox müsbət haldır:

“Daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan vergi dərəcəsinin 14 faiz olması daim daşınmaz əmlak sahibi ilə icarəyə götürən vətəndaş arasında müəyyən problemlərə yol açıb.

Baxmayaraq ki, rəsmi müqavilə bağlananda icarə qiyməti çox cüzi göstərilir. Bu göstərici, əsasən, qeyri-yaşayış obyektlərində müşahidə olunur. Bütün hallarda vergi dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi əhali üçün maraq doğuracaq. Ümumiyyətlə isə bu güzəştlərin tətbiqi mənzil və obyektlərin icarəsində müsbət tendensiya yaradacaq”.

Elnur Fərzəliyev təklif edir ki, daşınmaz əmlakın icarəsi üzrə vergi ödəyən şəxslər üçün alternativ güzəştlərin tətbiq edilməsi arzuolunandır. Eyni zamanda, həmin şəxslərin bank və digər xidmətlərdən asanlıqla istifadəsinə də şərait yaradılmalıdır:

“Vətəndaşların vergi ödəyicisi olmaları üçün dövlət tərəfindən müəyyən addımların atılması vacibdir. Həmçinin bu güzəşt kirayədə yaşayan və aylıq ödənişini vaxtında edən şəxslərə də şamil olunmalıdır.

Buna görə də kirayədə yaşayan insanların aylıq ödənişinin bank xidməti üzərindən təmin edilməsi məqsədəuyğundur. Heç bir gecikməsi olmayan vətəndaşların isə ipoteka layihələrindən yararlanmaları asanlaşdırılmalıdır”.

Gülşən Şərif