Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!Dünən Bakıda xeyriyyəçi, varidatını millət yolunda sərf edən böyük insan Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı oldu. Heykəlin şəkillərini ilk gördüyüm an bunu düşündüm: Görəsən, nə üçün Hacının heykəli postamentin üzərinə qoyulmayıb?
Bu sualın cavabını tapmamış xəbər çıxdı ki, bəs Tağıyevin heykəli artıq zədələnib, əlindəki təsbehi qırıb yerə tullayıblar. Heç nə. Hansısa mədəniyyətdən yoxsun, Hacı Zeynalabdinin kim olduğunu bilməyən cahil və düşüncəsizlərin hərəkəti onları yox, bizi düşündürməyə məcbur edir. Heykəli zədələyən şəxslər də artıq saxlanılıblar. Məncə, həmin şəxslərə cəza verməklə yanaşı, onları el qınağı etmək, islah olunana qədər bir mədəniyyət ocağında çalışdırmaq lazımdır.
Üstəlik, aidiyyatı orqan (!) heykəlin postament üzərinə qoyulması işini də bir an öncə yerinə yetirməlidir!
Təhsil Nazirliyinin 20 yanvar rəzalətiDördüncü siniflər üçün rus dili dərsliyində 20 Yanvar faciəsi ilə bağlı mətndə dinc vətəndaşların güllələnməsinin sovet ordusu ilə Azərbaycan Xalq Cəbhəsinin üsyançıları arasında döyüşlər zamanı baş verdiyi qeyd edilib. Bu, tarixi təhriflə yanaşı, böyük rəzalətdir, ayıbdır.
Bu rəzalətə imza atanlar bir-bir müəyyənləşdirilib cəzalandırılmalı, yaxın keçmişimizi bilə-bilə və ya səhvən olsa belə, dəyişdirənlər cavab verməlidirlər. Təhsilin başındakı şəxsin istefasını isə heç qeyd etmirəm!
“Spayder”lə “hörümçək” arasındaYeni orfoqrafiya lüğətində “hörümçək” sözünün olmaması bu günlər ərzində böyük məzə obyektinə çevrildi. Jurnalist Qulu Məhərrəmlinin paylaşımından sonra sosial şəbəkələrdə və mediada yayılan “hörümçək təəssübkeşliyi” tənqidə qədər vardı. Guya “hörümçək” sözünün əvəzinə “spayder” sözü lüğətə salınıb. Sonradan AMEA Dilçilik İnstitutunun sabiq direktoru Möhsün Nağısoylu açıqlama verərək “hörümçək” sözünün yanlışlıqla lüğətə salınmadığını bildirdi. Heç kəs səhvdən sığortalanmayıb. Lüğəti tərtib edənlər alim olsalar da, insandırlar və belə bir yanlışlığı qabardaraq onları “ağ yuyub, qara sərmək”, azı, qeyri-insani davranış olar.
Dilçilik İnstitutu, bəli, tənqid olunmalıdır, ancaq belə yanlışlığa görə yox, dilin başına açılan digər oyunlara görə. Tutarlı tənqid!