Bu hallarda diplomatik xidmət orqanı əməkdaşı geri çağırılacaq – SİYAHI

Diplomatik xidmət orqanı əməkdaşının geri çağırılmasını şərtləndirən yeni hallar müəyyənləşir.

Yenicag.az xəbər verir ki, bu, “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət orqanı əməkdaşı aşağıdakı hallarda diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmətdən geri çağırılır:

– diplomatik nümayəndəlikdə və ya konsulluqda müəyyən edilmiş xidmət müddəti bitdikdə;

– xidməti zərurət yarandıqda;

– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri ilə razılaşdırmaqla öz təşəbbüsü olduqda;

– xidmət keçdiyi diplomatik nümayəndəliyin və ya konsulluğun fəaliyyəti dayandırıldıqda (yaxud məhdudlaşdırıldıqda);

– qəbul edən dövlətdə təhlükəsizliyinə təhdid yarandıqda;

– normativ hüquqi aktlarla müəyyən olunmuş vəzifələrini yerinə yetirmədikdə, məhdudiyyətlərə və ya əmək müqaviləsi üzrə öhdəliklərinə əməl etmədikdə, özü və ya ailə üzvləri tərəfindən qəbul edən dövlətin qanunlarına və adət-ənənələrinə hörmətsizlik göstərildikdə, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə müəyyən olunmuş güzəştlərdən, imtiyazlardan və immunitetlərdən sui-istifadə edildikdə;

– qəbul edən dövlət tərəfindən arzuolunmaz şəxs hesab edildikdə;

– təyin olunduğu ştat vahidi ixtisar edildikdə;

– Diplomatik xidmət orqanı əməkdaşı cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduqda;

– diplomatik xidmət orqanlarında xidmətinə xitam verildikdə.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, həmçinin Azərbaycan Respublikasının və ya olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, habelə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda vaxtından əvvəl geri çağırıla bilərlər. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin vaxtından əvvəl geri çağırılmasına, onlarla birlikdə yaşayan ailə üzvlərinin yuxarıda göstərilən əməllərin törədilməsində təqsirli bilinməsi də əsas ola bilər.