“İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik.
Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır.
Laçın rayonunun digər hissəsi – ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir”. Bu sözləri möhtərəm Prezident İlham Əliyevin cari ilin 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsini qəbul edərkən deyib. Artıq Laçın azaddır və Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. 2023-cü ildə laçınlılar Laçına, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar. Bu gün dövlətimiz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olub. Biz mövqelərimizi gücləndiririk.