Bu il vəzifəsindən azad edilən məmurlar – SİYAHI

Bu il yüksək vəzifədə çalışan məmurların bir neçəsi işdən çıxarılıb. Onların arasında başqa vəzifələrə təyinat alanlarla yanaşı işsiz qalanlar da olub.

Yenicag.az bu il vəzifəsindən azad olunan məmurların siyahısını təqdim edir:

 

İki gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib. Eks-sədr 20 ildən çox komitədə müxtəlif vəzifələrdə çalışıb.

Belə ki, 1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində işləyib. 2004-dən 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində xidmət edib. O, 23 aprel 2018-ci ildən 2022-ci il iyulun 16-na qədər komitə sədri olub.

Bu il vəzifəsini itirənlərdən biri də Rövnəq Abdullayevdir. Fevralın 10-da R.Abdullayev dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsindən azad edilib. O, 2005-ci ildən bu quruma rəhbərlik edirdi.

Prezidentin həmin gün imzaladığı digər sərəncamla R.Abdullayev iqtisadiyyat nazirinin müavini təyin olunub. o həmçinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidentidir.

Mayın 24-də Prezident İlham Əliyevin sərəncamı ilə  Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. O, 2015-ci ildən ADY-nin rəhbəri idi. Dövlət başçısının həmin gün imzaladığı digər sərəncamla C.Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub. Eks-sədr həmçinin, Azərbaycan Voleybol Federasiyasının prezidentidir.

Cari ildə uzun müddət işlədiyi vəzifəni tərk edənlərdən biri də Elman Rüstəmov oldu. Belə ki, aprel 12-də Milli Məclisin plenar iclasında Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib.

70 yaşlı E.Rüstəmov 1995-ci ilin yanvar ayından Mərkəzi Bankın rəhbəri idi. O, hazırda Baş nazir Əli Əsədovun müşaviridir.

2022-ci ildən iki icra başçısı da işdən çıxarılıb. Belə ki, yanvarın 19-də İradə Gülməmmədova Prezidentin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

O, 2015-ci ilin sentyabr ayından bu vəzifəni tuturdu. İ.Gülməmmədova 2006-2014-cü illərdə Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini, 2014–2015-ci illərdə isə birinci müavin vəzifələrində işləyib.

Fevralın 28-də isə Prezidentin sərəncamıyla Mehdi Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Mehdi Səlimzadə bu vəzifəyə 2016-cı il iyunun 10-da təyin edilmişdi./Unikal/