“Bu işlər başlayan kimi xaricdəkilər “xod”a düşürlər” – Siyavuş Novruzov

YAP-çı deputat bəzi qüvvələrin Azərbaycanın Avropa İttifaqı ilə imzalayacağı sazişdən narahat olduqlarını deyib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Siyavuş Novruzov diqqəti Azərbaycanın Avropa İttifaqı ilə imzalayacağı sazişə yönəldib.

Deputatın sözlərinə görə, bəzi daxili və xarici qüvvələr bu ikitərəfli sazişin imzalanmasından ciddi narahatdırlar:

“Çox təəssüf ki, həmin o layihə ilə tanış olan və olmayan bəzi qüvvələr sazişin imzalanmasına qarşı fikirlər səsləndirirlər. Əslində isə heç bilmirlər ki, orada hansı məqamlar nəzərdə tutulub. Gözləmək olardı ki, onlar Azərbaycanın bir sıra ciddi məsələləri: Qarabağ problemi, Xocalı soyqırımı və digər məsələlərin bu sazişdə yer almasını təklif etsinlər. Ancaq onlar sazişdən xəbərsiz ola-ola tənqid edirlər, onun imzalanmasına qarşı çıxırlar. Çox təəssüf ki, xaricdə oturan bir qrup bu məsələlərlə bağlı bir fəallıq olan kimi düşürlər “xod”a və Avropa İttifaqı ilə imzalanacaq sənədləri pisləməyə başlayırlar. Tək xaricdəki yox, elə daxildəki bəzi qruplar da çox təəssüf ki, öz məqsədləri naminə bundan istifadə etməyə çalışırlar və xalqı çaşdırmağa səy göstərirlər. Bunlar əldə bayraq ediblər ki, sərbəst toplaşmaq hüquqları pozulub, əslində isə özləri Azərbaycanda təxribat hazırlayırlar ki, xaricə bu hüquqlarının qorunmadığını nümayiş etdirə bilsinlər”.

A. Zeynalov