“Qərb vaxtında silah yardımı etməzsə, müharibə həlledici mərhələyə keçə bilər”.
Bu fikri Yenicag.az-a açıqlamasında Ukraynanın Kursk əməliyyatı davam etdiyi zamanda Rusiyanın Donbasdakı Ukraynanın əsas müdafiə xəttini yarması və müharibənin gedişini dəyərləndirən hərbi ekspert Rövşən Məhərrəmov deyib.
Rövşən Məhərrəmov bildirib ki, Ukraynanın Donbas istiqamətində vəziyyəti çox çətindir.
“Rusiya birbaşa cəbhə boyu hücumu inkişaf etdirmirlər. Onlar Ukraynanın Donbas istiqamətindəki əsas müdafiə xəttini yarıblar. Sağ və sol cinahdan isə irəliləmə getmir. Pokrovskun tam götürülməsi üçün Rusiya müdafiə naziri əmr verdi ki, əlavə qüvvələr göndərilsin və hücum genişləndirilsin. Ukrayna qüvvələri Pokrovsk istiqamətində dərinləşdirilmiş və möhkəmləndirlmiş müdafiə xətti yaratmışdılar. Ancaq ruslar o xətti yara biliblər. Təhlükə budur ki, Pokrovsk Donbasın son şəhəridir və ruslar şəhərin 8-9 kilometrliyindədir. Ruslar sağ və sol cinahdan hücumlarını alındıra bilməzsə, o qüvvələrin mühasirəyə düşmə ehtimalı var”, – deyə o vurğulayıb.
Ekspertin sözlərinə görə, Ukraynanın əsas qüvvələri Kursk, Bryansk, Belqorod istiqamətindədir və Pokrovsk istiqamətinə əlavə qüvvə ata bilməyib.
“Xarkovdan bəzi qüvvələri Pokrovsk istiqamətinə yerləşdiriblər. Şəhərin müdafiəsini təşkil etməyə çalışırlar. Pokrovsk Ukrayna üçün çox vacib şəhərdir. Çünki xüsusilə dəmiryol kommunikasiya xətləri o şəhərdən keçir. Əgər Ukrayna o şəhəri itirsə, təminatda çox böyük problemlərlə üz-üzə qalacaq.
Kursk istiqamətində Ukraynanın irəliləyişi yoxdur, ancaq sağ və sol cinahı genişləndirirlər.
Ukrayna ordusunda insan resursunun çatışmazlığı açıq şəkildə gözə çarpır. Rusiya isə digər hərbi dairələrdən əlavə qoşunları əraziyə cəlb edir”, – deyə o əlavə edib.
“Müharibə hələ davam edəcək. Yaxın zamanda müharibənin dayanmağını gözləmək olmaz. Əksinə, müharibə həlledici mərhələyə keçə bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd