Texniki kartof insanın həyatı üçün ciddi təhlükə hesab edilir.
Bəzi işbazların texniki kartofu əhaliyə satması ciddi problemlərə yol aça bilər. Ekspertlərin sözlərinə görə, texniki kartoflar sağalmaz xəstəliklərə gətirib çıxarır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi Camal Quliyev bu il ərzində 948 kiloqram kartofun keyfiyyət göstəricilərinə cavab vermədiyi üçün məhv edildiyini açıqlasa da, belə kartofların bazara yol tapması istisna edilmir.
Texniki kartof nəyə yararlıdır?
Respublika Gigiyena Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyib ki, texniki kartof əkilərkən heç nə ilə normal kartoflardan fərqlənmir:
“Əkin zamanı fermerlər bunu müəyyən edə bilməz. Lakin məhsul yığımından sonra fermerlər məhsulun bir hissəsinin texniki olmasına qərar verir.
Belə olanda isə onların tərkibindən bütün nişasta götürülür, başqa məqsədlərlə istifadə edilir. Tərkibindən nişasta götürülən kartofun insan orqanizmi üçün heç bir faydası olmadığından, qalan məhsul maldarlıq və digər sahələrdə,əsasən, plastmas, spirt və kraxmal istehsalında istifadə olunur. Əksər hallarda isə texniki kartof mal-qaranın qidalanması üçün nəzərdə tutulur”.
Texniki kartofu necə tanımalı?
Əgər aldığınız kartof göy rəngə çalırsa və üstü kələ-kötürdürsə, bu kartofu almaqdan imtina edin. Çünki bunlar texniki kartof hesab edilir.
Bu cür kartoflar qızardıldıqda daha çox yağ tələb edir və gec bişir. Ekspertlər texkini kartofdan hazırlanan qidanın dadsız olduğunu bildirir.
Qeyd edək ki, həddindən artıq texniki kartofdan istifadə insan həyatı üçün ciddi təhlükədir. Bu cür kartofun çox istifadəsi mədə-bağırsaq sistemində ağırlaşmalara, dəri xəstəliklərinə və yaddaş zəifliyinin yaranmasına səbəb olur.
İnsan bədənində toplanmış vitaminləri parçalayan texniki kartofun sistemli qəbulu insanın həyatı bahasına başa gələcək qədər ciddi təhlükə hesab edilir.