“Bu layihələrin qurulmasında böyük yeyinti faktları var” – İqtisadçı

“Təəssüf ki, ölkədə müxtəlif infrastruktur layihələrinin qurulmasında böyük yeyinti faktları var”.

Bu sözləri ölkənin biznes mühitinin vəziyyətinə toxunan iqtisadçı Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədəki bütün dövlət layihələri öncədən bölüşdürülür. Bu isə sağlam rəqabət mühitinin olmamasına və iş adamlarının çətinliklərlə üzləşməsinə yol açır:

“Rəqabət mühiti olmayanda inkişaf olmur. Azərbaycanda iş adamları deyəndə məmur sahibkarlığı göz önünə gəlir.

Kapital qoyuluşu baxımından investisiya layihələrinə daha çox pul ayrılır. Həmin maliyyədən isə yalnız məlum şəxslər faydalanır. Ona görə də Azərbaycanda heç bir layihədə iştirak etmək lazım deyil.

İş adamı olaraq tenderlərin heç birində iştirakçı olmamışam. Təəssüf ki, ölkədə müxtəlif infrastruktur layihələrinin qurulmasında böyük yeyinti faktları var. Bu cür yeyintilər olan yerdə cavabdeh şəxslər sadəcə öz maraqlarını düşünürlər. Bu baxımdan Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması rəqabət mühitinin yaradılmasından, məmur sahibkarlığının ləğvindən və inhisarlaşmanın qarşısının alınmasından keçir. Dövlət strukturlarında çalışanlar, yüksək vəzifəli məmurlar birbaşa biznes fəaliyyəti ilə məşğul olurlar. Nəticədə rəqabət mühiti formalaşdıra biləcək sahibkarları inzibati yollarla bazardan sıxışdırıb çıxarırlar. Azad sahibkarlığın inkişafı üçün rəqabət mühitini təmin etmək, məmurları biznesdən kənarlaşdırmaq və yüksək çinli məmurların bir-birinin tabeçiliyində qohumbazlıq siyasəti ilə işləməsini qadağan etmək lazımdır”.

Gülşən Şərif