Bu məhsulların kommersiya məqsədli istifadəsi qadağan edilir

Azərbaycanda reproduktiv hüceyrələrin kommersiya məqsədi ilə saxlanması və istifadəsi qadağan edilir.

Yenicag.az xəbər verir ki, bu, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində nəzərdə tutulur.

Sənədin 15-ci maddəsində (Reproduktiv hüceyrələrin saxlanılması hüququ) qeyd edilir ki, reproduktiv sağlamlığının itirilməsi təhlükəsi olan nikah yaşına çatan kişi və qadınlar reproduktiv hüceyrələrin saxlanılması hüququna malikdirlər.

Reproduktiv hüceyrələrin və embrionun kriokonservasiyası, materialın dondurulması metodu, reproduktiv hüceyrə və embrionun saxlanması şəraiti və müddətləri, ər-arvadın boşanması, onlardan birinin ölməsi halında reproduktiv hüceyrələrin və embrionun istifadəsi və məhvi yazılı məlumatlandırılmış razılıq əsasında həyata keçirilir.

Peşə fəaliyyətinin və ya hərbi mükəlləfiyyətin yerinə yetirilməsi ilə əlaqədar reproduktiv sağlamlığın itirilməsi təhlükəsi olduqda reproduktiv hüceyrələrin saxlanılması üzrə xidmətlər dövlət tibb müəssisələrində ödənişsiz həyata keçirilir.

Reproduktiv hüceyrələrin kommersiya məqsədi ilə saxlanması və istifadəsi qadağandır.

Tibbi müdaxilə zamanı çıxarılan cinsi vəzilər (onların hissəsi) yalnız pasiyentin razılığı olduqda saxlanıla və istifadə edilə bilər.

Reproduktiv hüceyrələrin saxlanılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qeyd edək ki, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi Milli Məclisin 2019-cu il payız sessiyasında müzakirə ediləcək.

COP29