Bu məkanlara giriş pulsuz oldu – FOTOREPORTAJ

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.

Həmin gün 1983-cü ildə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurası (İCOMOS) təklifi ilə UNESCO tərəfindən qəbul edilib.

Bu gün münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə açıq qapı günü elan edib.

Yenicag.az saytının əməkdaşı da “İçərişəhər” ərazisində fəaliyyət göstərən muzeylərə baş çəkərək yerli sakinlərin və turistlərin tarixi memarlıq nümunələrimizə olan marağını izləyib. Müşahidə aparılan müddətdə turistlərin muzeylərə maraq göstərməsi diqqətdən yayınmayıb. Yerli sakinlər arasında xüsusilə məktəblilərin üstünlük təşkil etməsi isə tariximizə, mədəniyyətimizə qoyulan yüksək dəyəri sübut edib.

Muzeylərdən çəkilən maraqlı fotoları və qısa məlumatları təqdim edirik:

XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilən Şirvanşahlar Sarayı Kompleksi

Kompleksə Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı, Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir.

Miniatür Kitab Muzeyi

2002-ci il aprelin 2-dən Bakı şəhərində fəaliyyət göstərən muzey dünyada ilk özəl miniatür kitab muzeyidir. Muzey Zərifə Salahova tərəfindən 20 ildən artıq müddətində toplanmış nadir kolleksiyası əsasında yaradılıb.

Arxeologiya və Etnoqrafiya Muzeyi

Arxeologiya və Etnoqrafiya Muzeyi 1976-cı ildə yaradılıb. Azərbaycan memarı Mikayıl Hüseynovun adını daşıyan muzey iki hissədən – “Arxeologiya” və “Etnoqrafiya” bölmələrindən ibarətdir.

Qeyd edək ki, açıq qapı günü Bakı sakinləri və şəhərin qonaqları İçərişəhərdə yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi “Müqəddəs əmanətlər” ekspozisiyası, habelə “Qala” Qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər. Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

Fotolar: Cəmalə Əmrahova

COP29