“Bu məsələ Azərbaycan da daxil olmaqla, bütün dünya üçün müəmmalıdır” – Çin blefinə REAKSİYA

“Məhz bu vaksin sayəsində Çin ölkə üzrə karantin rejimini götürüb və orada insanlar əvvəlki həyat tərzinə qayıdıblar”.

Koronavirus pandemiyasının yaratdığı şokdan tədricən özünə gələn Çinin iqtisadiyyatında müəyyən sabitləşmə əlamətləri müşahidə olunmaqdadır. Beynəlxalq Valyuta Fondunun (BVF) koronavirus pandemiyasının təsirlərindən bəhs edən xüsusi bloqunda yerləşdirilən məlumata görə, Çində iri firmaların əksəriyyəti artıq öz fəaliyyətini bərpa edib, əhalinin böyük hissəsi iş yerlərinə qayıdıb.

Çində həyatın normal məcraya qayıtdığı şəraitdə Pekinin koronavirusu məqsədli şəkildə yaydığına dair beynəlxalq səviyyədə irəli sürülən iddialar daha da intensivləşib. Həmin iddialara əsasən, Çin koronavirusu qəsdən yaymaqla müəyyən ziyana uğrasa da, bunun nəticəsində öz iqtisadiyyatnı daha da gücləndirməyi hədəfləyib. Digər tərəfdən, dünyanı bürümüş koronavirus pandemiyasını Çin-Qərb qlobal rəqabətinin tərkib hissəsi kimi qiymətləndirən təhlilçilər də az deyil.

Çinə qarşı artmaqda olan məlum iddiaları Yenicag.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, bu barədə qəti fikir söyləmək çətin olsa da, ortadakı fərziyyələr öz aktuallığını hələ uzun müddət qoruyacaq:

“Bu məsələ Azərbaycan da daxil olmaqla, bütün dövlətlər üçün hələ ki müəmma olaraq, qalır. Lakin bu virusun dünyaya Çindən yayılması konkret faktdır. O baxımdan, koronavirusun yayılmasının əsas səbəbi ilə bağlı müxtəlif versiyalarda məhz Çinin adı çəkilir.

Hazırda Çində koronavirus əleyhinə vaksin mövcuddur və ondan istifadə edən xəstələr sağalırlar. Məhz bunun sayəsində Çin ölkə üzrə karantin rejimini götürüb və orada insanlar əvvəlki həyat tərzinə qayıdıblar”.

İlyas Hüseynov qeyd edib ki, koronavirus pandemiyası dünya siyasətinə və beynəlxalq münasibətlərə damğa vuran bir sıra faktorları da üzə çıxarıb:

“Avropa İttifaqında baş verən proseslər, bu birliyin üzvü olan ölkələr tərəfindən İtaliya və İspaniyaya qarşı laqeydlik, eyni zamanda, ABŞ-ın Avropa İttifaqına qarşı soyuq münasibəti bu dalğada tam çılpaqlığı ilə üzə çıxdı.

Həmçinin Rusiyanın Avropa Birliyi ilə münasibətlərində istiləşmə müşahidə olunur. Bu fonda Çinin Avropa İttifaqı və İrana tibbi ləvazimatlar göndərməsi də diqqəti cəlb edir.

Bununla yanaşı, iqtisadi böhranın davam etməsi, neftin ucuzlaşması və istehsalın dayanması ekologiyaya müəyyən qədər müsbət təsir göstərib. Yaranmış vəziyyət siyasi faktorları arxa plana keçirərək, insan amilini önə çəkməyin vacibliyini ortaya qoydu.

Koronavirus pandemiyasından hansı dövlətin daha güclü və haqlı çıxacağını qarşıdakı zaman göstərəcək. Hazırda pandemiya fonunda əsas məsələ iqtisadi böhranın aradan qaldırılması, dövlətlərin öz vətəndaşlarının rifahını düşünməsi və iqtisadiyyatı dirçəltmək üçün mümkün addımları atmasıdır”.

Gülşən Şərif