Bu metro stansiyası bir illik bağlanır

Metronun “Xətai” stansiyasının bağlanacağı və açılacağı tarix məlum olub.

Yenicag.az xəbər verir ki, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı metropoliteninin 1968-ci ildə istismara verilmiş “Xətai” stansiyasında istismar müddəti başa çatan eskalatorların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb: “Stansiya birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurətə çevrilib. Bunu nəzərə alaraq, “Xətai” stansiyası 2018-ci il sentyabr ayının 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Həmçinin “Cəfər Cabbarlı-Xətai” istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqust ayının 10-da başa çatdırılması nəzərdə tutulub.

Təmir müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görüləcək”.

B. Məmmədov deyib ki, “Xətai” stansiyasında istismar müddətini başa vurmuş 3 eskalator yeniləri ilə əvəzlənəcək: “1968-ci ildən stansiyada istifadədə olan “LT-2” tipli 3 eskalator söküləcək. Onların əvəzinə Almaniyanın “Thyssen Krupp Fahrtreppe” şirkətinin “Viktoriya Tube” tipli 4 eskalatoru quraşdırılacaq. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılacaq 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verəcək. Xatırladaq ki, buna qədər “28 May” və “Sahil” stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun yerinə onların 4 ədəd yeni nəsil analoqları quraşdırılıb.

Esklatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görüləcək. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqust ayının 10-da başa çatdırılması nəzərdə tutulub”.

B. Məmmədov deyib ki, esklatorların sökülüb yenilənməsi ilə yanaşı, “Xətai” stansiyasında eskalatorların yenilənəcəyi müddətdə vestibülün əsaslı təmiri də aparılacaq. Burada divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənəcək, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunacaq.

Həmin müddət ərzində həmçinin “Xətai” stansiyasının 2-ci baş yolunun və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatdırılacaq.

“Xətai” stansiyasında təmir-bərpa işləri səbəbindən “Xətai-Cəfər Cabbarlı” mənzilində də sərnişin qatarları hərəkət etməyəcək. Lakin “Cəfər Cabbarlı”stansiyası fəaliyyətini davam etdirəcək. Sərnişinlər buradan “28 May” stansiyasına keçid kimi istifadə edə biləcəklər.

COP29