“Bu, Mikayılın bacaracağı iş deyil” – Nazirin populist çıxışına REAKSİYA

“Vergilər, şəffaflıq, inkişaf” mövzusunda Bakıda keçirilən konfransda sahibkarlar qarşısında çıxış edən vergilər naziri Mikayıl Cabbarov korrupsiyanın kökünü kəsəcəklərini bəyan edib:

“Həyata keçirilməsinə başlanılmış islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına xidmət edəcək. Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək. Buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir”.

Vergilər Nazirinin bu fikirlərinə münasibət bildirən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli Yenicag.az-a açıqlamasında bildirdi ki, korrupsiyanın kökünü kəsmək M. Cabbarovun gücü xaricindədir:

“Korrupsiyanın kökünü kəsmək üçün bu istiqamətdə ümumhökumət kampaniyası keçirilməlidir. Bu mənada, istər Vergilər Nazirliyi olsun, istərsə də digərləri, hökumətin hər hansı bir üzvünün təkbaşına korrupsiyanın kökünü kəsə biləcəyilə bağlı səsləndirdikləri fikirlər həqiqəti əks etdirmir. Düzdür, istənilən məmur oturduğu postda bu məsələlərlə məşğul ola bilər. Amma korrupsiya elə bir bəladır ki, onun kökünü kəsmək çətin məsələdir. Onu sözdə demək asandır, amma ölkə siyasətində reallaşdırmaq çox çətin məsələdir. Ona görə də Mikayıl Cabbarovun həmin fikirlərini populist çıxış kimi dəyərləndirərdim. Düşünürəm ki, o yeni vəzifəyə gəldiyindən səsləndirdiyi həmin sözlər novator insan kimi özünü təqdim etmək istəyindən irəli gələn məsələdir. Ümumiyyətlə, Azərbaycanda ən çox rüşvətxor məmuru danışdırsaq o da deyəcək ki, məqsədləri korrupsiyanın kökünü kəsməkdir. Lakin reallıq odur ki, bu istiqamətdə ciddi addımlar atılmır. Korrupsiyaya qarşı mübarizə apararaq, onun kökünü kəsmək, fikrimcə, Mikayıl Cabbarovun çəkəcəyi yük, bacaracağı iş deyil”.

ELÇİN

COP29