Milli Məclisə seçkilərin keçirilməsi ərəfəsində bir sıra deputatlar budəfəki seçkidə namizəd olmayacaqlarını bəyan ediblər. Belə ki, həmin deputatlar öz yerini övladlarına buraxmaq istəyirlər.
Yenicag.az övladlarının deputatlığa namizədliyi irəli sürülən deputatlar haqqında məlumatları təqdim edir.
Siyahımızda ilk yerdə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır. Parlamentə 6 çağırışın hər birində deputat mandatını əlində saxlayan 77 yaşlı F. Ağamalı, görünür, indi də yerini qızına vermək niyyətindədir. Qeyd edək ki, dünən mediada yayılan informasiyalardan bəlli olub ki, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən F. Ağamalının qızı Günay Ağamalı namizəd olub.
Bundan əlavə, ötən gün açıqlanan YAP siyahısından da məlum olub ki, 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən Mahir Süleymanlı namizəd göstərilib. O, sabiq deputat Tahir Süleymanovun oğludur.
Qeyd edək ki, parlamentin II, III, IV və V çağırış üzrə deputatı olan T. Süleymanov da F. Ağamalı kimi yerini gənclərə vermək niyyətini üstün tutub. Lakin bu işin “amma”sı odur ki, 76 yaşlı köklü YAP-çı bu vəzifəyə, nə hikmətdirsə, övladını “layiq görüb”.
Son olaraq qeyd edək ki, 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizəd göstərilən Samir Vəliyevdir. S. Vəliyev Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin oğludur. O, Ə Vəliyev ki, ailə biznesi təkcə bağlanılan “Muğan Bank”la bitmir. Milli Məclisin deputatı, rektor, biznesmen, oliqarx Ə.Vəliyevin biznesinin sərhədləri Türkiyəyə, Rusiyaya, İngiltərəyə qədər uzanır. Elə oğlu da atasından geri qalmır desək, yanılmarıq.
Xatırladaq ki, Ə. Vəliyevin biznes monarxiyası ilə bağlı dünən məlumat vermişdik.
Mövzunu davam etdirəcəyik.