Dövlət ümumi təhsil müəssisələrində işləyən psixoloqlar və musiqi təhsili verən məktəblərin müəllimləri diaqnostik qiymətləndirmədən keçiriləcək.
Yenicag.az-ın məlumatına görə, bununla əlaqədar Təhsil naziri Ceyhun Bayramov “Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiqi və diaqnostik qiymətləndirilmənin keçirilməsi barədə əmr imzalayıb.
Əmrdə qeyd edilir ki, 2014-cü ildə Bakı şəhərində başlanan diaqnostik qiymətləndirmə mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarını əhatə etmiş və ümumilikdə 140 minə yaxın müəllimin bilik və bacarıq səviyyəsi qiymətləndirilmişdir. Bununla yanaşı, Bakı Xoreoqrafiya Akademiyasının, Respublika İncəsənət Gimnaziyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Füzuli rayonu M.M.Xəzani adına müsiqi təmayüllü internat tipli Gimnaziyasının incəsənət və yaradıcılıq istiqamətləri üzrə tədris aparan ixtisas müəllimlərinin sosial rifahının artırılması, eyni zamanda ümumi təhsil müəssisələrində çalışan psixoloqların peşəkarlıq səviyyələrini və təlim ehtiyaclarını müəyyənləşdirmək məqsədilə həmin kateqoriyaya daxil olan təhsilverənlərin 2019-cu ilin sonunadək diaqnostik qiymətləndirməyə cəlb olunması zərurəti yaranıb.
Bununla əlaqədar “Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinın aparılması Qaydaları” yeni redaksiyada təsdiq edilib.
Əmrlə TN-nin İnsan resursları şöbəsinə diaqnostik qiymətləndirmənin cari ilin sonunadək “Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinın aparılması Qaydaları”na uyğun təşkili və keçirilməsini təmin etmək tapşırılıb.
Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə, şəhər və rayonların təhsil şöbələrinə (idarələrinə) tapşırılıb ki, aidiyyəti peşə, ümumi və xüsusi təhsil müəssisələrində çalışan təhsilverənlərin siyahılarının hazırlanmasını və Təhsil Nazirliyinin elektron bazasına daxil olunmasını təmin etsinlər.
Əmrdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyası qiymətləndirmənin müsahibə və qabiliyyət imtahanı mərhələlərinin adıçəkilən müəssisələrin tədris binasında keçirilməsi, qabiliyyət imtahan komissiyasının formalaşdırılması və imtahan məkanında müvafiq şəraitin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.