Fevralın 21-də xərçəng xəstəliyindən dünyasını dəyişən tanınmış aktyor, Xalq artisti Ramiz Novruzun cənazəsinin illərlə çalışdığı Akademik Milli Dram Teatrından götürülməməsi sənət dostları tərəfindən narazılıqla qarşılanıb.
Yenicag.az xəbər verir ki, bu məsələ dünəndən sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bunu Ramiz Novruzun xatirəsinə hörmətsizlik kimi dəyərləndiriblər.
Aktyor Kamran Ağabalayev əlaqədar qurumları qınayıb:
“Akademik Milli Dram Teatrı, Mədəniyyət Nazirliyi Ramiz Novruza əgər “Səni dünyalar qədər sevirdim” deyib son mənzilə yola salmadısa, bu, o deməkdir ki, hörmətsiz aktyor və aktrisalar, başınızın çarəsinə baxın. Yəni bu, Xalq artistinə, xalqın artistinə, Prezident təqaüdçüsünə göstərilən münasibətdir. İndi özünüz fikirləşin… Çox heyif, əlimizi ürəyimizə qoyub, rahat şəkildə xalqın artisti dediyimiz biri idi Ramiz bəy…”
Xalq artsiti Xalidə Quliyeva da sənətkarla vida məkanının yalnız teatr olduğunu bildirib:
“Sənət də, sənətkar da xalqa məxsusdur. Sənətkarla vidalaşmağa xalq gəlməliydi. Əsl vida məkanı Teatr idi. Eh, nə deyim, nə danışım…”
Cəvahir