Berlin Kiyevə daha bir IRIS-T SLS hava hücumundan müdafiə sistemi (ümumilikdə üç), artilleriya mərmiləri, pilotsuz təyyarələr və digər silahlar verib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumat Almaniya hökumətinin saytında dərc olunan Ukraynaya hərbi yardım siyahısında əksini tapıb.
Məlumata görə, yeni paketə IRIS-T SLS zenit-raket kompleksindən əlavə, 14 min ədəd 155 millimetrlik artilleriya mərmisi, 10 suüstü dron, ehtiyat hissələri ilə birlikdə 26 “Vektor” kəşfiyyat PUA-sı, 6 HMEE yükləyicisi və Bergepanzer 2 zirehli avtomobili daxildir. Paketdə, həmçinin müxtəlif markalı avtomat silahlar, snayper tüfəngləri, ilkin tibbi yardım çantaları, partlayıcı əşyaların zərərsizləşdirilməsi üçün vasitələr var.
Şoltsun Ukraynaya dəstəyin lazım olduğu müddətcə davam edəcəyinə dair vədi “hələ də qüvvədədir”.
Almaniya Ukraynaya ABŞ-dən sonra ikinci ən böyük silah tədarükçüsüdür. Berlin indiyədək Kiyevə hərbi dəstək üçün vəsait ayırıb və gələcək xərclərə təxminən 28 milyard avro ayırmağı öhdəsinə götürüb.