Bu ölkədə fövqəladə vəziyyət rejimi ləğv edildi

Yeni Zelandiya hakimiyyəti martın 25-dən tətbiq edilən fövqəladə vəziyyət rejimini ləğv edib.

Yenicag.az-ın məlumatına görə, bu barədə ölkənin mülkü müdafiə naziri Peeni Xenare bildirib.

Hazırda Yeni Zelandiyada ümumimilli keçid dövrü elan edilib.

Keçid dövrü, mayın 13-ü yerli vaxtla günorta saat 12:00-dan (04:00 GMT+4) qüvvəyə minib və növbəti 90 gün ərzində ölkə daxilində tətbiq ediləcək.

Keçid dövründə mülki müdafiə və fövqəladə hallar idarəsinin rəhbəri Sara Stüart-Blekə koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə qoyulan məhdudiyyətlər qaldırıldıqdan sonra ən qısa müddətdə ölkənin infrastrukturunu və iqtisadiyyatını bərpa etmək üçün geniş səlahiyyətlər veriləcək.

Yeni Zelandiyada indiyədək 1 497 koronavirusa yoluxma halı aşkarlanıb, 1 402 nəfər sağalıb, 21 nəfər dünyasını dəyişib. Ölkədə virusun yaratdığı xəstəlikdən 2 nəfər stasionar, daha 72 xəstə isə ambulator müalicə alır. Son 48 saat ərzində ölkədə yeni bir infeksiya aşkar edilməyib./Trend/