Bu ölkədə Fransaya aid olan adlar dəyişdirildi

Nigerdə Fransanın müstəmləkə dövründə adları verilmiş küçə və meydanlar tarixi Afrika şəxsiyyətlərinin adları ilə dəyişdirilib.

Yenicag.az xəbər verir ki, ölkənin Gənclər və Mədəniyyət Nazirliyinin qərarına əsasən, paytaxt Niameydə bir çox küçə və meydanların adı dəyişdirilib.

Gənclər və Mədəniyyət naziri Amadou Abdurahmane bildirib ki, təkcə Niameydə deyil, digər şəhərlərdə də bir çox küçə, meydan və bulvarlar əhaliyə müstəmləkə dövrünün iztirab və əzablarını xatırladan adlar daşıyır.

Belə ki, əvvəllər Fransanın keçmiş prezidenti Şarl de Qollun adını daşıyan bulvara Nigerin müstəqilliyində mühüm rol oynamış Cibo Bakarinin adı verilib.

Bundan əlavə, Niameydə fransız komandiri Parfe-Lui Montelin daş divara həkk olunmuş portreti götürülüb və onun yerində Burkina Fasonun əfsanəvi lideri Tomas Sankaranın portreti qoyulub.

Qeyd edək ki, Frankofoniya yeri Burkina Faso, Niger və Malini birləşdirən Sahel Dövlətləri İttifaqının yeri adlandırıldı.

Xatırladaq ki, 2023-cü ilin iyununda Nigerdə fransız bəstəkarı Maurice Albert Thirie tərəfindən 1961-ci ildə yazılmış La Nigerienne dövlət himni əvəzinə “Vətənin şərəfinə” (Pour l’honneur de la Patrie) yeni himni qəbul edilib, himn ölkənin müstəmləkəçiliyə qarşı mübarizəsini əks etdirir.

Nəsimi Ələsgərli

COP29