Hondurasda şiddətlənən zorakılıqlar fonunda bir gecədə 20-dən çox adam həlak olub. Bunu nəzərə alaraq ölkə hökuməti iki şimal şəhərində komendant saatı elan edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, silahlı şəxslər Çoloma şəhərində bilyard zalında atəş açıb, 13 nəfəri öldürüb, bir nəfəri isə ağır yaralayıb. Bununla yanaşı, San Pedro Sula sənaye şəhəri də daxil olmaqla, şimal Valle de Sula zonasında şənbə günü ən azı 11 qətl törədilib.
Honduras prezidenti Xiomara Kastro sözü gedən şəhərlərdə axşam saat 9-dan səhər saat 4-ə qədər 15 günlük komendant saatı elan edib. Bundan əlavə, oxşar tədbirlər iyulun 4-dən San Pedro Sulada tətbiq ediləcək.