Bu ölkələrlə viza ləğv olundu, ancaq vizasız gedə bilmirik – Rəsmi

May ayının 4-də Azərbaycan və Mərakeş arasında, mayın 6-da isə Azərbaycan və Albaniya arasında qarşılıqlı viza rejiminin ləğvi ilə bağlı qərar qəbul olunub.

Yenicag.az xəbər verir ki, Azərbaycan və Albaniya arasında viza rejiminin ləğvini əhatə edən sənəd martın 1-də, Mərakeşlə ümumvətəndaş pasportları sahibləri üçün viza rejiminin aradan qaldırılması barədə saziş isə mayın 6-da imzalanıb.

Bu gün isə sosial şəbəkə istifadəçilərinin paylaşımı əsasında məlum olub ki, viza rejiminin ləğvi ilə bağlı qərar hələ qüvvəyə minməyib. Adıçəkilən ölkələrə viza almadan, birbaşa uçuşla səyahət etmək istəyən, bilet alan Azərbaycan vətəndaşları həmin ölkələrə buraxılmayıb.

Məsələ ilə bağlı sorğumuza münasibət bildirən XİN sözçüsü Ayxan Hacızadə bildirib ki, qərar qəbul olunsa da, sazişin qüvvəyə minməsi üçün prosedurlar hələ yekunlaşmayıb:

“Hər hansısa bir müqavilənin qüvvəyə minməsi üçün hər iki dövlət tərəfindən daxili prosedurlar həyata keçirilir. Həm Albaniya, həm də Mərakeşlə protokollar imzalansa da, hələ ki, dövlətdaxili prosedurlar tam yekunlaşmayıb. Prosedurun yekunlaşması barədə məlumat olduqdan sonra veb-saytda yenilənmə aparılır. Vətəndaşlar yaxşı olar ki, səfər etməzdən öncə veb-sayta nəzər yetirərək, vizasız gediş-gəlişin mümkün olduğu ölkələrin siyahısına nəzər salsın”.

COP29