“Bu, Prezident İlham Əliyevin uğurlu siyasətinin növbəti təntənəsidir” – AÇIQLAMA

 

“4 kəndin geri qaytarılmasında dövlət başçısının müdrik, uzaqgörən daxili və xarici siyasəti, o cümlədən dəmir iradəsi özünü büruzə verdi”.

Bu sözləri Yenicag.az-a açqılamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat Qazaxın 4 kəndinin geri qaytarılması ilə bağlı fikirlərini bölüşüb.O, xatırladıb ki, vaxtilə Ermənistan bizə qarşı meydan oxuyurdu, torpaqlarımızın 20 faizindən çoxunu işğal etmişdi və torpaqlarımızın bir qarışını da olsun, geri qaytarmamaq iddiası ilə çıxış edirdi.

“Ancaq ermənilər daha sonra güclənən Azərbaycan və güclü Azərbaycan ordusu qarşısında aciz qalaraq, məcbur olub diz çökdülər. Xatırladım ki, müharibədən sonra 3 böyük rayonumuz – Ağdam, Kəlbəcər və Laçının bir güllə atılmadan ermənilər tərəfindən boşaldılması baş verdi. Ondan sonra isə 23 saat ərzində böyük bir ərazini erməni silahlılarından təmizlədik”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, Ermənistanın bütün cığallıqlarına, havadarlarının murdarlıqlarına, eləcə də Brüssel görüşündə onlara verilən vədlərə baxmayaraq, bir güllə belə atılmadan 4 kəndimiz bizə təhvil verilir.

“İnşəallah, qalan 4 kənd də bizə geri qaytarılacaq. Biz cənab Prezidentimizin bir sözünü daim yadda saxlamalıyıq. Prezident deyir ki, “mən nəyi necə və nə vaxt etməyi çox yaxşı bilirəm”. Yəni vaxtı gələndə cənab Prezidentin iradəsi qarşısında düşmən aciz qalır və qoyulan tələbi yerinə yetirməyə məcbur olur”, – deputat bildirib.

E.Məmmədov hesab edir ki, bu, Prezident İlham Əliyevin uğurlu siyasətinin növbəti təntənəsi, qələbəsidir:

“Baxmayaraq ki, düşmənin havadarları güclüdür, ona şirin vədlər verməkdə davam edirlər, meymun kimi ortalıqda oynadırlar, ancaq Azərbaycanın iradəsi və gücü qarşısında, Ali Baş Komandanın apardığı uğurlu siyasət nəticəsində biz nə deyiriksə, vaxtı gələndə ona nail oluruq. Bizim hədəflərimiz var və yaxın gələcəkdə bu hədəfləri həyata keçirəcəyik. Zəngəzur dəhlizi açılacaq, eləcə də qarşıya qoyulan bütün məqsədlərin hamısına nail olunacaq. Azərbaycan xalqını təbrik edirəm!”

Rafi Müslümov

COP29