Bu qabiliyyət imtahanlarında iştirak üçün 5 illik təhsil TƏLƏBİ
2020/2021-ci tədris ili üçün keçiriləcək “İnstrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı-nağara)” ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərdən minimum 5 illik musiqi təhsili tələb ediləcək.
Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, “İnstrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı-nağara)” aləti üzrə qabiliyyət imtahanlarının “ixtisas”, “musiqi nəzəriyyəsi və solfecio” fənləri üzrə keçirilməsi qərara alınıb.
Bu qərara uyğun olaraq Azərbaycan Milli Konservatoriyasının “İnstrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı-nağara)” ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 23-cü komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qabiliyyət imtahanlarını müvəffəqiyyətlə verib müsabiqəyə buraxılan abituriyentlər bu alət üzrə Bakı şəhərində tədris aparılan istənilən təhsil müəssisəsinin uyğun ixtisasını seçmək hüququ qazanacaqlar.
Dövlət İmtahan Mərkəzinin dərc etdiyi “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalında qabiliyyət imtahanlarının proqramları, imtahanlara hazırlaşmaq üçün metodiki tövsiyələr və digər məlumatlar çap ediləcək. Həmin nəşrləri və DİM-in saytını izləyin.