“Bu qadağalara hərbi heyət birmənalı şəkildə əməl etməlidir, əks təqdirdə…” – Tədqiqatçı

“Müharibə vəziyyətində olan ölkə bütün hərbi məsələlərdə məsuliyyətli davranmalıdır”.

Bunu Sfera.az-a açıqlamasında Sosial Rifah və Tədqiqatlar Mərkəzinin sədri, tədqiqatçı Əkrəm Bəydəmirli deyib.

Onun fikrincə, ordu sıralarında xidmət edən bütün hərbi qulluqçular qadağalara qeyd-şərtsiz əməl etməli və dövlət təhlükəsizliyini riskə atmamalıdırlar:

“Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin açıqlaması var. Düşünürəm ki, açıqlamada mövzuya yetərincə aydınlıq gətirilib. Azərbaycan müharibə vəziyyətində olan ölkədir. Belə önəmli məqamlarla bağlı hər kəs məsuliyyətini dərk etməlidir”.

Ə.Bəydəmirlinin sözlərinə görə, hərbçilərin smartfon telefon və bənzər cihazlardan istifadə etməklə bağlı qadağası var və bunu hərbi heyət nəzərə almalıdır:

“Hərbçilərə smartfonlardan istifadə qadağan olunub. Bu qadağalara hərbi heyət birmənalı şəkildə əməl etməlidir. Əks təqdirdə, qadağanı pozan hər kəs qanun qarşısında cavab verməlidir”.