Bu qidalar beyin və yaddaşı qoruyur

İctimai səhiyyə məsələlərindən, o cümlədən bitki tərkibli pəhrizin üstünlüklərindən, heyvan mənşəli məhsulların ziyanından yazan və bu mövzularda çıxışlar edən amerikalı həkim Maykl Qreqer hesab edir ki, düzgün qidalanmaya başlamaqla erkən qocalmanın və beyin xəstəliyinin qarşısını almaq mümkündür. Özü də bunu qocalanda deyil, xeyli əvvəl etmək lazımdır. Antioksidant və vitaminlərlə zəngin rasion beyini və yaddaşı qoruyur.

Yenicag.az xəbər verir ki, M.Qreqer kitablarından birində yazır: İnsult və Altsheymer xəstəliyi beyini məhv edən əsas xəstəliklərdir. Qan dövranı pozulanda, damarlar düyünlərlə tıxananda bu xəstəliklər inkişaf edir. Lakin qidalanmanın köməyi ilə hər iki xəstəliyin qarşısını almaq olar. Artıq 20 yaşından başlayaraq xolesterinin yüksəlməsi, qan təzyiqinin qalxıb-enməsi nəticəsində baş beyində kiçik zədələr yaranır. İnsan 60-70 yaşına çatanda zədələr qabarıq təzahür edir.

Beynin qocalmasının qarşısını almağa kömək edən qidalanma barədə mümkün qədər cavan yaşlarında düşünmək lazımdır. M.Qreqer aşağıdakı məhsullara diqqət yetirməyi tövsiyə edir.

Antioksidantlarla zəngin mənbələr. Bu maddələr hüceyrələri zədələyən azad radikallara qarşı mübarizə apararaq beyinin “paslanmasının” qarşısını alır. Giləmeyvə və tünd yaşıl rəngli tərəvəz ən zəngin antioksidant mənbəyidir.

Polifenolların mənbəyi. Polifenollar beyin üçün dağıdıcı olan zülal düyünlərinin və yumaqlarının əmələ gəlməsinin qarşısını alaraq sinir hüceyrələrini qoruyur. Üzüm və quşüzümünün tərkibi polifenollarla zəngindir.

Sitrus bitkiləri. M.Qreqerin fikrincə, sitrus bitkiləri insult ehtimalını azaldır. Onların tərkibində baş beyində qan dövranını fəallaşdıran maddələr – fitonutriyentlər var.

Qaragilə. Elmi tədqiqatlar göstərir ki, qaragilə koqnitiv funksiyaları vaxtsız zəifləyən ahıllarda yaddaşı möhkəmləndirir.

Kəpəkli taxıl. M.Qreqer səhərlər kəpəkli taxıldan bişirilən sıyıq yeməyi məsləhət görür. Belə taxılın tərkibində qanın beyinə axmasını tənzimləyən fol turşusu, yaddaşın keyfiyyətini hissediləcək dərəcədə yaxşılaşdıran tiamin (B1 vitamini) var.

Qoz-fındıq. Qoz, fındıq, yerfındığı, badam, keşyu, pekan qozu beyinin kompleks şəkildə güclü müdafiəsini təmin edən Omeqa-3 turşuları, habelə B6, E vitaminləri və fol turşusu ilə zəngin məhsullardır. Qoz-fındıq məhsullarının çoxunda beyinə enerji verən tiamin və maqnezium var./AZƏRTAC/