“Bu qidalardan istifadə etsəniz…” – Koronavirusdan necə qurtulmalı?

“Meyvə, tərəvəz, lifli qidalar və quru meyvələrdən bol istifadə etmək lazımdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri koronavirusa qarşı mübarizədə sağlamlığı qorumağın metodlarını dəyərləndirən həkim-ekspert Nazir Allahverdiyev deyib.

Həkimin sözlərinə görə, koronavirusla mübarizədə sırf dərmanlardan istifadə edilməsi doğru yanaşma deyil. Əgər sağlamlığı qorumaq istəyiriksə, bir sıra qaydalara əməl etmək zəruridir:

“Dünyada COVİD-19 virusu ilə bağlı müxtəlif fikirlər dolaşır. Əslində maska taxmaq və sosial məsafəni gözləmək lazımdır. Lakin bu qaydaya diqqətlə və yüksək həssaslıqla yanaşan çox adamların virusa yoluxduğunun və hətta öldüyünün şahidi oluruq. Təbabət virusa qalib gəlmək üçün bütün lazım olan dərman vasitələrindən istifadə edib. Ancaq minlərlə xəstəyə yardım etmək mümkün olmadı. Yanlış anlaşılmasın, tibbin işini yüksək qiymətləndirirəm və həkim olaraq, mən də mübarizədəyəm. Sadəcə, təbabət COVİD-19-a qalib gəlmək üçün dərmanlardan çox geniş istifadə edir. Yəni, koronavirusla mübarizədə lazım olan miqdarda və ya digər vasitələrlə müalicə ilə bağlı fikir söyləyəndə cahil həkim hesab edirlər. Əksinə antiviral dərman yazanda isə modern tibb heyəti sayılırsan. Səhiyyə sektoru sanki belə yetişdirilir və bütün tədrislərdə ancaq istiqamət bir tərəfə yönəlib. Halbuki, hər insan individualdır və sağlamlığın ən əsas gücü təməlin genetik olaraq sağlam olmasıdır. Daha sonra heç kimin danışmadığı düzgün qidalanmadır.

Dağlıq rayonlarda yaşayan insanlar bu prinsiplərə əməl edərək, heç bir problem yaşamayıblar. Kənddə ayaqyalın, bütün günü günəş şüasının altında təmiz havada oynayan uşağın immun sistemini şəhərdə evin içərisində qalanla müqayisə etmək düzgün olmaz. Ona görə də doğulandan təməlin sağlam olması vacibdir. Yediyimiz qidaların keyfiyyəti çox önəmlidir. Həmçinin, stressdən mütləq qaçmalıyıq. Ailə həkiminin olması və xırda bir şikayət olan kimi məsləhətləşmək lazımdır. Meyvə, tərəvəz, lifli qidalar və quru meyvələrdən bol istifadə etmək lazımdır. Bununla yanaşı, gündə ən azı 3 km piyada gəzmək sağlamlığa xeyirlidir”.

Gülşən Şərif