Bu qrupa sənəd verən abituriyentlərin şansı daha yüksəkdir

“May ayında II-III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanının birinci mərhələ olmuşdu və bütün abituriyentlər orada kifayət qədər yaxşı nəticə toplamışdı. Amma zəif nəticəsi və ya nəticəsindən narazı olanlar ikinci dəfə bu prosesə qoşuldular. Bu, kifayət qədər maraqlı və diqqət çəkən bir məqamdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Mütəxəssis ali məktəblərə qəbul imtahanlarının II və III qruplarında iştirak edən abituriyentlərin zəif nəticə göstərməsinin pərdəarxası məqamlarına toxunub.

K.Əsədovun fikrincə, əvvəlki illərin abituriyentlərinin statistikası onu göstərir ki, birinci imtahanla ikinci imtahan arasında demək olar ki, abituriyentlərin böyük faizi 25-55 bal arası balını dəyişə biliblər:

“Amma bu dəfə o qədər də yaxşı və ciddi artım olmadı. Bu, onu göstərir ki, orta təhsil məktəblərində təhsil mühiti pozulub, şagirdlər normal tədris proqramını mənimsəyə bilmirlər. Hətta biz gördük ki, may-iyun aylarında keçirilən birinci mərhələnin imtahanında iştirak edənlərdən 28 min az abituriyent ikinci mərhələdə iştirak etdi. Halbuki əvvəlki illərdə daha çox abituriyent imtahanlarda iştirak edirdi.

İkinci şans imtahanında riyaziyyat fənnindən II ixtisas qrupunun abituriyentlərinin testləri cavablandırmaqda çətinlik çəkdiklərini gördük. Eləcə də ədəbiyyat fənnindən də xronologiya sualında abituriyentlərin əziyyət çəkdiyini müşayiət etdik. Həmçinin, tarix fənnindən situasiya suallarının cavablandırılması abituriyentlərimiz üçün müəyyən qədər çətinliklər yaratdı”.

Müsahibimiz qeyd edib ki, bu il qəbul imtahanlarından sonra birmənalı şəkildə II-III qruplarda maksimum bal gözləməyə dəyməz:

“Müsabiqə şərtlərinə görə II qrupda vəziyyət bir az qəliz olacaq. Çünki III qrupların şansları daha çoxdur. Amma beynəlxalq münasibətləri seçən abituriyentlər daha da diqqətli olmalıdırlar. Təəssüf ki, Azərbaycanda təhsil limitinin korlanması uşaqların orta məktəb, habelə qəbul imtahanları nəticələrinə öz mənfi təsirini göstərib. Yəni sağlam olmayan təhsil limiti qəbul imtahanlarında abituriyentlərin nəticələrinə mənfi təsirini göstərib”.

Təhsil eksperti əmin edib ki, III ixtisas qrupunda ümumi nəticələrin haradasa 5-15 bal arası dəyişməsini müşayiət edəcəyik:

“İkinci statistika isə keçən ilki kimi qalacaq, yəni ciddi dəyişiklik olmayacaq. Halbuki bizim uşaqlarımız pandemiyadan çıxıblar, pandemiya dövrünün çətinliklərinə görə 2021-2022-ci illərinin nəticələri daha aşağı olmalı idi, amma bu il artıq Azərbaycanda vəziyyət kifayət qədər sabitdir və uşaqların hazırlaşmaları üçün şərait var. Əslində, daha yaxşı nəticələr gözləyirdik, lakin sağlam olmayan təhsil mühiti uşaqların nəticələrinin artmasına mənfi təsir göstərib”.

COP29