Bu qruplarda imtahan suallarının ÇƏTİNLİYİ: Keçid balları enəcək?

“Bəzi abituriyentlərin nəticələrinin aşağı olması keçid ballarına ciddi təsir edəcəyi anlamını verməməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 2-ci və 3-cü ixtisas qruplarına keçirilən qəbul imtahanları suallarının çətinliyinin abituriyentlərin narazılığına səbəb olması haqda danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, ümumilikdə imtahanda yaxşı nəticə göstərən abituriyentlərin olmasını da müşahidə etmək mümkündür.

“26 may tarixində keçirilmiş 2-ci və 3-cü ixtisas qruplarına keçirilən imtahanlarda 2-ci ixtisas qrupuna imtahan verən abituriyentlər əsasən coğrafiya, 3-cü ixtisas qrupları isə, əsasən ədəbiyyat və tarix fənləri ilə əlaqədar çətinliyin olduğunu bildirirlər. Lakin ümumilikdə imtahanda yaxşı nəticə göstərən abituriyentlərin olmasını da biz müşahidə edə bilərik. Dövlət İmtahan Mərkəzi faktiki tədris olunan mövzular əsasında təyin edərək imtahanı keçirir. Təbii ki, burada abituriyentlər daha ciddi hazırlıqlı olmalıdır ki, imtahan suallarını daha asan cavablaya bilsinlər”,- deyə o əlavə edib.

Ekspert qeyd edib ki, burada bəzi abituriyentlərin nəticələrinin aşağı olması keçid ballarına ciddi təsir edəcəyi anlamını verməməlidir:

“Çünki hər iki ixtisas qrupun üzrə qarşıda 2-ci cəhd imtahanı var. Bu imtahan isə iyulun 7-sində keçiriləcək. Həmin imtahan da sualların qoyuluşu birinci cəhddəki kimi bir qədər çətin olarsa, artıq bu onu deməyə əsas verəcək ki, keçid ballarında müəyyən enmələr müşahidə oluna bilsin. Lakin yaydakı imtahan nəticələr yüksək olacaqsa, o zaman ballarda artım baş verə biləcək.

Qeyd edim ki, 2-ci və 3-cü ixtisas qrupuna hazılaşan abituriyentlər may ayının 31-dən iyunun 17-dək yenidən qeydiyyatdan keçməlidirlər”.

Ekspert əlavə edib ki, ikinci cəhd imtahanı birinci ilə müqayisədə abituriyentlərə bir qədər sadə gəlir:

“Əlbəttə, hər iki imtahan nəticəsində abituriyentlərə birinci cəhd imtahanındakı nəticə yüksək olarsa, həmin nəticəni, ikinci cəhddəki yüksək olarsa ikinci imtahan cəhdinin balını götürmək kimi şansı var. Təbii ki, 2-ci cəhd imtahanı 1-ci ilə müqayisədə abituriyentlərə bir qədər sadə gəlir. Bunun da bir neçə səbəbi var.

Birincisi, onlar müəyyən mövzular üzrə imtahanda buraxdığı səhvləri 2-ci cəhdə qədər aradan qaldıracaqlar.

Həmçinin ümumi tədris planını bitirərək, təkrar etməyə, mövzuları yenidən nəzərdən keçirməyə vaxtları olacaq. Ümumi əldə etdikləri biliklər əsasında 2-ci cəhd imtahanındakı sualları daha asan işləyə biləcəklər. Bu da onların 2-ci cəhddəki nəticələrini bir qədər də yaxşılaşdıracaq. Bu isə ixtisaslar üzrə formalaşacaq keçid ballarına təsir göstərə bilər”.

İsmayıl Bakuvi

COP29