“Əgər vətəndaşın üzərində fiziki şəxsiyyət vəsiqəsi yoxdursa, o mobil telefon applikasiyalarında -“MyGov”, “SİMA”, “e-gov” aplikasiyalarında olan məlumatlarını təqdim edə bilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında bəzi özəl qurumların, kredit təşkilatların və mağazaların vətəndaşın elektron şəxsiyyət vəsiqəsi olduğu halda, ondan şəxsiyyət vəsiqəsinin tələb etməsi barədə danışan hüquqşünas Ramil Süleymanov deyib.
Onun sözlərinə görə, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanununda qeyd olunur ki, Azərbaycan ərazisində vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd vətəndaşın şəxsiyyət vəsiqəsidir.
“Eyni zamanda, həmin maddədə qeyd olunur ki, vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. O cümlədən, vəsiqənin üzərində müəyyən göstəricilər var və elektron daşıyıcı olan çip yerləşdirilib.
Qeyd edim ki, vətəndaş hər hansı bir özəl, kredit təşkilatlarına müraciət etdiyi halda, həmin təşkilata özünün şəxsiyyət vəsiqəsini əslini təqdim etməklə şəxsiyyət vəsiqəsinin daşıyıcısı olduğunu təsdiq etməlidir. Eyni zamanda, bu həmin təşkilatın, mağazanın, məkanın sahibi əmin olur ki, bu vəsiqənin daşıyıcısı həmin şəxsdir. Əgər vətəndaşın üzərində fiziki olan şəxsiyyət vəsiqəsi yoxdursa, o mobil telefon applikasiyalarında – “MyGov”, “SİMA”, “e-gov” aplikasiyalarında olan məlumatlarını təqdim edə bilər. Bu, o halda mümkündür ki, həmin təşkilatın, bankın, mağazanın elektron informasiya daşıyıcılarına elektron qaydada səhih çıxışı mümkün olsun. Belə olmadığı təqdirdə, həmin özəl qurumlar vətəndaşdan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini istəməkdə tamamilə haqlıdır”, – deyə o bildirib.
Hüquqşünas qeyd edib ki, eyni zamanda, Azərbaycan Respublikası ərazisində öz şəxsiyyətini tanıtmaq üçün nəzərdə tutulan vəsiqənin daşınması da vətəndaşlar tərəfindən labüddür.
“Əgər hər hansı bir hal baş verdikdə vətəndaş öz şəxsiyyət vəsiqəsini polisə və ya digər qurumlara təqdim edə bilmədikdə həmin qurumlar vətəndaşı hüquq-mühafizə orqanının inzibati binasına dəvət edir və vətəndaş orada müvəqqəti olaraq saxlanılır və fərdin şəxsiyyət dəqiqləşdirilməsi aparılır. Ona görə də düşünürəm ki, şəxslərdən şəxsiyyət vəsiqəsinin əslini tələb etmək hər hansı qanun pozuntusu deyil. Lakin elə dövlət qurumları var ki, vətəndaş oraya müraciət edən zaman həmin elektron daşıyıcı olan çip, biometrik şəxsiyyət vəsiqəsi elektron oxuyucuya salınır, nəticədə həmin şəxslə bağlı bütün məlumatlar aşkara çıxır”, – deyə o vurğulayıb.
İsmayıl Bakuvi