“Bu, Rusiyanın uydurmasıdır” – Lavrovun “məntiqinə” politoloqdan SƏRT CAVAB

“Əgər Azərbaycan Rusiyanın müəyyən etdiyi strategiya üzrə hərəkət etsə, Lavrovun dedikləri öz təstiqini tapa bilər. Ancaq ölkə bizimdir, torpaqlar bizimdir və ölkənin hakimi Azərbaycan xalqıdır. Azərbaycan Lavrovun məntiqi ilə deyil, Azərbaycan xalqının və siyasi rəhbərliyinin məntiqi ilə hərəkət edəcəyik”.

Bunu Yenicag.az-a Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun “Dağlıq Qarabağın statusunu ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə biryolluq razılaşdırılmalıdır” fikrinə münasibət bildirən sabiq dövlət katibi Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, Lavrov köçürülmə deyəndə, daha çox erməniləri nəzərdə tutur:

“Əgər bu gün Füzulidə hava limanının tikintisi, Bərdədən Ağdama dəmiryol xəttinin çəkilməsi başa çatmaq üzrədirsə, Ağdamda əkinə yararlı torpaqların sahəsi 6 min hektara çatdırılıbsa, o deməkdir ki, Lavrovun dedikləri imperiya dövlətinin düşüncələrinin məhsuludur. Güman edirəm ki, ilin sonuna qədər Ağdam və Füzuli bölgəsində minadan təmizləmə prosesi başa çatdırıla bilər. Kifayət qədər texnika alınıb, təmizləmə prosesi sürətlə aparılır. Üstəlik, prezident İlham Əliyev səfəri zamanı Ağdam şəhərinin yeni layihə ilə tikilməsinin təməlini qoyub. İlin sonuna yəqin ki, bir neçə binanın, küçənin hazır olmasını görəcəyik. Füzulidən Şuşa şəhərinə yol çəkilir. Dövlət büdcəsindən ciddi vəsait ayrılıb, özəl şirkətlər əraziyə cəlb edilir”.

Azərbaycan tərəfi dəfələrlə Dağlıq Qarabağın statusu yoxdur deməsinə baxmayaraq, Lavrovun yenidən statusu gündəmə gətirməsi barədə Qabil Hüseynli bunları deyib:

“Lavrovun bu fikri Rusiyanın uydurmasıdır. Status bitib. Ermənilər Azərbaycanda yaşamaq istəyəcəklərsə, yaşasınlar. 20 min erməniyə nə status? Öz müqəddaratını təyin etmiş bir millətə, ikinci dəfə öz müqəddaratını təyin etmək yolu verilmir. Beynəlxalq hüquq da bunu qadağan edir. Qarabağın dağlıq hissəsində ermənilər yaşamaq istəyəcəklərsə, yaşasınlar. Ancaq onların yaşayacağına inanmıram. Hadisələr Moskvanın, Makronun cızdığı layihə üzrə yox, Azərbaycan prezidenti İlham Əliyevin söylədiyi və cızdığı layihə üzrə gedəcək”.