“Azərbaycanda bütün kommunal sahələrdə xidmət göstərən dövlət şirkətləri bu və ya digər formada öz işlərinə korrupsiya, kadr məsələsində yerliçilik, qohumbazlıq prizmasından yanaşırlar. Habelə keçirilən dövlət tenderləri kağız üzərində olur. Əslində mövcud digər kommunal xidmət sahələrində də Mingəçevir İES-də olduğu kimi anoloji vəziyyət baş verərsə, yenə də bütün ölkəni iflic vəziyyətinə salan belə bir kollaps yaşana bilər. Əslində, yaşanır da”
Bu sözləri Yenicag.az-a açıqlamasında elektrik enerjisindən başqa daha hansı sahələrdə qəza baş verdikdə, bütün ölkənin anoloji vəziyyət ilə üzləşə biləcəyinə münasibət bildirərkən sabiq millət vəkili, iqtisadçı ekspert Nazim Bəydəmirli deyib:
“Hazırda su ilə bağlı kifayət qədər problemlər qalmaqdadır. Məsələnin kökündə nələrin dayandığı isə hamıya bəllidir. İllər boyu bu barədə danışılır. Bütün kommunal xidmət göstərən dövlət təşkilatları ancaq özlərini, ailələrinə məxsus şirkətləri düşünür, daha çox dövlət vəsaitlərinin mənimsənilməsi üçün bu və ya digər formada maliyyə maxinasiyaları qururlar. Belə hadisələr dəfələrlə “Azərenerji” ilə yanaşı, “Azəriqaz”da, “Azərsu”da da yaşanıb. Baş vermiş son olay nəticəsində xəstəxanalarda küvezdə saxlanılan yeni doğulan uşaqların tələf olması ehtimalları var. Bu istiqamətdə bir çox siqnallar mövcuddur. Sadəcə, bu hallar Səhiyyə Nazirliyi tərəfindən gizlədilir. Ciddi kadr islahatları aparılmasa, anoloji vəziyyət digər kommunal sahələrdə yaranan “çp”lər zamanı da özünü göstərə bilər. Dəfələrlə şahidi olmuşuq, bir qədər yağış və ya qar yağanda, bərk külək əsəndə hətta paytaxtın təminatında ciddi problemlər yaşanır. Bu vəziyyət də hələ öz həllini tapmayıb. Deyərdim ki, hər bir sahədə idarəetmə eyni dərəcədə bərbad olduğundan, eyni təfəkkürlə idarə olunduğundan, ciddi qəzalar başqa sahələrdə də baş verərsə, ölkə anoloji vəziyyətlə üz-üzə qala bilər”.
Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli isə düşünür ki, hərbi sahə və DİN-i çıxmaqla, ölkədə mövcud olan digər bütün sahələr anoloji vəziyyətə bais olmaqdan sığortalanmayıb: “Bu gün Azərbaycanda hərbi sahə ilə, Daxili İşlər Nazirliyini çıxmaq şərtilə, bütün digər kommunikasiya sistemi eynilə bərbad durumdadır. Bu iki nazirliyi çıxmaq şərtilə bütün infrastrukturlar, nazirliklər, istər Fövqəladə Hallar, istər Milli Təhlükəsizlik, istərsə də ölkənin rabitə, suvarma, su təchizatı sistemi enerji sahəsində mövcud olan və hamımızın gördüyü bərbad idarəetmə vəziyyətindədirlər. Bunun da səbəbi ölkənin təpədən dırnağa qədər korrupsiyaya uğramasıdır. Sənədlərdə guya bu sahələrin təmiri və tikintisində yüksək keyfiyyətli məhsul və materiallardan istifadə olunur. Amma reallıqda təmir və tikinti məhsullarının böyük əksəriyyəti Çindən gətirilən keyfiyyətsiz material və məhsullardan ibarətdir. Məsələn, keçidlərdə quraşdırılan eskalatorların rəngi solmasa da, qısa fəaliyyətdən sonra onlar qeyri-işlək vəziyyətə düşür”.
ELÇİN