Bu şəxslər övladlığa uşaq götürə bilməz – Hüquqşünas şərtləri AÇIQLADI

“Övladlığa uşaq götürmək istəyən nikahda olmayan şəxslə övladlığa götürülənin yaş fərqi 18-dən az olmamalıdır”.

Vəkillər kollegiyasının üzvü Amid Əsgərov Yenicag.az-a övladlığa uşaq götürmənin şərtlərini açıqlayarkən belə deyib.

Vəkilin sözlərinə görə, övladlığa uşaq götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün isə 30 yaş olmalıdır:

“Övladlığa uşaq götürmə üç mərhələdə həyata keçirilir. Bura övladlığa uşaq götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi və övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi daxildir. Hər iki cinsdən olan, yaş həddi barədə tələblərə cavab verən istənilən şəxs övladlığa uşaq götürə bilər”.

Vəkilin sözlərinə görə, nikahları olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməz:

“Eyni zamanda fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətinə malik şəxslər, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş, eləcə də ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər övladlığa uşaq götürə bilməz. Bununla yanaşı, əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər, səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyənlər də sözügedən hüquqa malik deyil”.

Amid Əsgərov vurğulayıb ki, barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslərə övladlığa uşaq götürməyə icazə verilmir:

“Məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat, sağlamlıq, şəxsiyyətin azadlığı, ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı, cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar, ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər, barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər övladığa uşaq götürməkdən məhrumdurlar”.

Bununla yanaşı, orta aylıq gəliri minimum əməkhaqqından az olan şəxslər övladlığa uşaq götürə bilməz:

“Ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən az olan şəxslər övladlığa uşaq götürə bilməzlər. Övladlığa götürmə prosesinin konkret müddəti isə yoxdur. Eyni zamanda övladlığa götürmə ilə bağlı peşə növünün heç bir fərqi yoxdur. Qanuna əsasən, qeyd olunan şərtlərə uyğun olan istənilən işgüzar şəxs övladlığa uşaq götürə bilər”.

Məsimə Məmmədova