“Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlara yeni maddələrin əlavə olunması nəzərdə tutulub.
Milli Məclisdən Yenicag.az-a verilən məlumata görə, bu barədə məsələ parlamentin Elm və təhsil komitəsinin videokonfrans formatında iclasında müzakirə edilib.
Əlavələrə əsasən, ümumi təhsil müəssisələri tərəfindən yetkinlik yaşına çatmayanların öz inkişaf səviyyələrinə uyğun cinsi istismar və cinsi zorakılıq təhlükələri, habelə özünü müdafiə vasitələri barədə məlumat almaları təmin edilir. Bu zaman onlara cinsi tərbiyəyə dair ümumi məlumat verilir, təhlükəli vəziyyətlərə, xüsusilə yeni informasiya və kommunikasiya texnologiyalarından istifadədən irəli gələn hallara xüsusi diqqət yetirilir. Belə məlumatların təqdim edilməsinə yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri cəlb edilə bilərlər. Habelə, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.