Bu şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq

Sabiq Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və Ombudsmanın əmək pensiyalarına qulluq stajına görə əlavələrin hesablanması qaydası dəyişir.

Yenicag.az xəbər verir ki, bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.

Belə ki, Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası MSK üzvünün, habelə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) təyin edilən pensiyanın məbləğinin hesablanması metodu tam aydın deyildir. Belə ki, qeyd olunan şəxslər səlahiyyət müddətini tam yerinə yetirərsə, pensiya yaş həddinə çatdıqda və ya orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edildikdə, hazırda fəaliyyətdə olan MSK üzvlərinin və Ombudsmanın aylıq əməkhaqqının 80%-i miqdarında yaşa görə əmək pensiyası təyin edilir.

Lakin sabiq Mərkəzi Seçki Komissiyasının üzvlərinin və Ombudsmanın əmək pensiyalarına qulluq stajına görə əlavələr hesablanarkən orta aylıq əmək haqqı fəaliyyətdə olan MSK üzvünün və Ombudsmanın son 12, 24 ay və ya istənilən ardıcıl gələn 60 ay ərzindəki əməkhaqqına uyğun müəyyən edilməsinə dair qanunvericilikdə hər hansı müddəa mövcud deyil. Bundan əlavə, MSK üzvlərinin əmək haqlarının məbləği fəaliyyətlərinin bütün dövrləri üzrə sabit vəzifə maaşı və əlavələrdən ibarət deyil, çünki, ölkədə seçkilərin keçirildiyi və ya başqa vaxtlarda onlara fərqli məbləğdə mükafatlar ödənilir. Eyni zamanda, fəaliyyətdə olan MSK üzvlərinin əməkhaqqı əsas götürüləcəyi təqdirdə onların əməkhaqlarının mükafatlandırma ilə əlaqədar hər dəfə dəyişdikdə pensiyaçıların da pensiya məbləğləri yenidən hesablanmalıdır. Belə olduğu halda isə göstərilən qaydada pensiyaların hər ay yenidən hesablanması, yəni artırılması və ya azaldılması mümkün deyil.

Qeyd olunan uyğunsuzluqların aradan qaldırılması üçün Qanunun 20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı və 20.1.16-cı maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələr həmin şəxslərin orta aylıq əməkhaqları, son 12 ay ərzində müvafiq vəzifələr üzrə aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilməsi təklif olunur. Dəyişikliyə görə, həmin kateqoriyadan olan şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavənin müəyyən edilməsi üçün orta aylıq əməkhaqqının hesablanmasına vahid yanaşma tətbiq olunacaq.

Bundan əlavə, layihəyə əlavə edilmiş keçid müddəaya əsasən həmin şəxslər bu Qanunun qüvvəyə mindiyi tarixədək 20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı və 20.1.16-cı maddələrdə nəzərdə tutulmuş sığorta stajını topladığı halda onlara əvvəlki normalar tətbiq olunacaq.

Bu dəyişiklik də Qanunun 20-ci maddəsində yarım maddələr arasında uyğunluğu təmin edəcək və hər hansı əlavə maliyyə yükü yaratmayacaq./unikal

COP29