!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu, siyasi savadsızlıq və xəyanətdir” - Tural Abbaslı neftin ucuzlaşmasına sevinənləri qınadı

!Reklam – Yazi

“Yoxsa onlar öz əsgərinə, zabitinə məvacib verə bilməyən dövlətin iqtidarı olmaq istəyirlər?”

Bu fikirləri Yenicag.az-a neftin qiymətinin aşağı düşməsinə sevinən müxalif düşərgənin davranışına münasibət bildirən AĞ Partiya sədri Tural Abbaslı səsləndirib.

Tural Abbaslı bildirib ki, pandemiya ilə əlaqədar enerji daşıyıcılarına tələbat azalıb və bu da neftin qiymətinə ciddi təsir göstərib:

“Dünyada tələbatın xeyli azalması, fabrik və zavodların işinin dayandırılması, avtomobillərin hərəkətinin məhdudlaşdırılması, üstəlik də Rusiya ilə Ərəb dövlətləri arasında bazar uğrunda gedən mübarizə nefti minimum həddə qədər ucuzlaşdırıb.

Məlumdur ki, çıxarılan neftin saxlanılması əlavə xərc tələb edir. Dünən məlum oldu ki, ABŞ-da Texas neftinin saxlanılması üçün artıq yer qalmayıb. Bu səbəbdən də, tarixdə ilk dəfə neftin qiyməti mənfi rəqəmlə ifadə olundu.

Düzdür, Azərbaycan nefti 14-16 dollara satılır, ancaq neft bazarında qiymətin düşməsi bizim neftin də qiymətinə təsir göstərəcək. Bu, büdcəsinin 80-85 faizi neft satışından asılı olan bir dövlət üçün çox ciddi məsələdir”.

Tural Abbaslı müxalifət düşərgəsində bəzi qüvvələrin neftin ucuzlaşmasına sevinməyini “siyasi savadsızlıq” adlandırıb:

“Belə bir məqamda özlərinə müxalifətçi deyən insanların sevinməsi, neftin ucuzlaşması ilə iqtidarın mövqelərini itirəcəyini, onlara şans yaranacağını düşünmələri ən azı siyasi savadsızlıqdır. Əgər siyasi savadları varsa, o halda, bu yanaşma xəyanətdir.

Dövlət və hakimiyyət anlayışlarını ayırmaq lazımdır. Biz iqtidarın zəifləməsini dövlətin zəifləməsi üzərindən istəyiriksə, bu, sağlam yanaşma deyil. İqtidarın zəifləməsi dövlətin zəifləməsinə səbəb olmamalıdır. İndiki halda neftin qiymətinin düşəcəyi təqdirdə, dövlət zəifələyəcək, iqtisadiyyat çökəcək, əhalinin yoxsulluq səviyyəsi artacaq. Eyni zamanda, ərazisi işğal altında olan dövlətin ordusu maddi-texniki bazadan məhrum olacaq.

Hesab edək ki, neft bahalaşmadı, Azərbaycan büdcəsi çökdü və iqtidar getdi. Bu korrupsiyaya bulaşmış məmurlar da milyardlarını götürüb, xarici ölkələrə getdilər. O zaman növbəti iqtidar nəyi idarə edəcək? Yoxsa onlar öz əsgərinə, zabitinə məvacib verə bilməyən dövlətin iqtidarı olmaq istəyirlər?

Müxalifət təşkilatı olaraq, AĞ Partiyanın ilk hədəfi hakimiyyətə gəlməkdir. Lakin “nəyin bahasına olur-olsun”, düşüncəsindən uzağıq. Bizim üçün ilkin proritetlər xalqın, millətin, dövlətin güclü və təhlükəsiz olmasıdır. Ancaq xaosun, iqtisadi tənəzzülə uğramış dövlətin iqtidarı olmaq niyyətində deyilik. Allah bizi və dövlətimizi o ağır günlərdən hifz eləsin”.

Səxavət Məmməd

www.yenicag.az

2559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv