Azərbaycan Premyer Liqasının XIV turunda “Qəbələ” öz meydanında “Keşlə”ni qəbul edib. Oyun qonaqların 0:3 hesablı məğlubiyyətilə yekunlaşıb.
Yenicag.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov oyun haqda danışıb:
“Məlum səbəblərə görə oyunu iki hissəyə bölmüşdük. Tapşırıqları çatdırmışdıq. Bilirsiniz ki, oyunçuların bəziləri əvəzedici heyətdən gəlib. Verdiyim tapşırığı futbolçular layiqincə yerinə yetirdilər. Ümumilikdə, birinci hissədə müdafiə xarakterli oyun var idi. İkinci hissədə hücum üstünlük vermişdik. Deyə bilərəm ki, oyundan razı qaldım, amma nəticədən narazıyam”.
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– Bu gün şübhələndiyiniz futbolçular oldumu?
– Xeyr, futbolçularım yaxşı oynadı. Savaş və əzmkarlıq var idi. Sadəcə olaraq təcrübəsizlik öz sözün dedi. Bu komandanı söküb yenidən yığmaq lazımdır. Ən azı 6-7 oyunçu lazımdır.
– Əsas ümidiniz Azərbaycan Kubokunadır?
– Bizdə əzmkarlıq yavaş-yavaş yaranır. Sona qədər mübarizə aparacağıq. İkinci dövrədən sonra rəqiblər üçün asan keçilən sədd olmayacağıq. Bacardığımız qədər irəli gedəcəyik.
– Mirhüseyn Seyidov və Nizami Hacıyevin 6 oyunda danışılmış oyun şübhəsi var idi. Bu doğrudur?
– Bu söhbətə qayıtmaq istəmirəm. Lazım olan qədər açıqlamar var. Nə lazımdırsa, həmin oyunçulardan soruşun.